Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Qardaşlıq münasibətləri qoruyan mədəniyyət

Cari ilin 12 avqust tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Türkiyənin Azərbaycandakı Yunus Emre Mərkəzinin rəhbərləri arasında görüş təşkil olunmuşdur.

Görüş zamanı Mərkəzin direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev və elmi katib Cavid Əliyev yeni təyin olunmuş türkiyəli həmkarı Selçuk Karakılıça uğurlar diləyərək qurumlarımız arasındakı olan 4 illik əməkdaşlığın davam olunmasının vacibliyini bildirmişlər.

Xatırladaq ki, sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycan və ümumiyyətlə türk xalqlarının ortaq mədəniyyətinin tədqiqi və təbliği istiqamətdə hər iki qurumun birgə səyləri nəticəsində bir sıra beynəlxalq layihələr reallaşdırılmışdır. Onların sırasında “Türk xalqlarının uşaq oyunlarının beynəlxalq festivalı”, “Ebru” sənətinə həsr olunmuş metodiki vəsait, bir sıra təqdimatlar və digər layihələr xüsusi yer tuturlar.

“Ölkələrimiz arasında olan qardaşlıq münasibətlərini qoruyan əsas amillərdən biri məhz mədəniyyətdir” – sözlərini səsləndirmiş A.Usubəliyev ölkə rəhbərlərimizin nümayiş etdikləri siyasi iradə, habelə ortaq tariximiz və mədəniyyətimiz sözügedən qardaşlığın əbədi olacağına dair öz əminliyini bildirmişdir. Fikirlərlə razı olduğunu və dəstəklədiyini qeyd edən Yunus Emre Mərkəzinin direktoru Selçuk Karakılıç əməkdaşlığa açıq və hazır olduğunu bildirmiş və daha sonra reallaşa biləcək birgə layihələr ətrafında müzakirələr aparılmışdır.

Belə ki, aparılan müzakirələr çərçivəsində ədəbiyyat və ortaq tarix ətrafında birgə tədqiqatların aparılması, mədəniyyət işçiləri üçün təlimlər, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin qarşılıqlı tanıdılması, habelə təbliğat və maarifləndirici layihələrin birgə reallaşmasına dair razılıqlar əldə olunmuşdur. Təcrübə mübadiləsi çərçivəsində hər iki tərəfin müvafiq ixtisaslar üzrə mütəxəssislərin qarşılıqlı əlaqələri, əməkdaşlığı möhkəmləndirməklə yanaşı müsbət təcrübənin paylaşılmasına da xidmət edəcəyini bildirən müəssisələrin rəhbərləri davamlı əlaqələrin zəruriliyini vurğulamışlar.

Oxunub: 506

Əlavə olunub: 12.08.2020 12:16

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz