Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Qarabağ səmasında bərq vuran ulduz” adlı vebinar

2021-ci ilin 4 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə görkəmli musiqi xadimi Cabbar Qaryağdıoğlunun 160 illik yubileyi münasibətilə “Qarabağ səmasında bərq vuran ulduz” adlı vebinar keçirilib.

Azərbaycan SSR xalq artisti, dramatik-tenor tipli güclü və əzəmətli səsə malik xanəndə Cabbar İsmayıl oğlu Qaryağdıoğlu Azərbaycan musiqi folklorunun ensiklopediyasıdır.
Tədbirin keçirilməsində əsas məqsəd görkəmli sənətkarın həyat və yaradıcılıq irsini daim qoruyub yaddaşlarda saxlamaq, həmçinin onun ifalarını təbliğ edərək yaşatmaqdan ibarətdir.

Azərbaycanda xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri kimi Cabbar Qaryağdıoğlunun adı dünya vokal sənətində bir sıra məşhur sənətkarların adları ilə yanaşı anılır. Eyni zamanda dünyanın bir çox bəstəkarları, musiqişünas və mədəniyyət xadimləri Cabbarın bacarıqlarını, vokal ustalığını və zəngin səsini yüksək qiymətləndirmiş, onun məharətlə ifa etdiyi əsərləri daim diqqət mərkəzində saxlamışlar.
Cabbar Qaryağdıoğlu xanəndəlik fəaliyyəti ilə yanaşı, eyni zamanda Azərbaycanda opera sənətinin yaranmasında əvəzedilməz xidmətlər göstərən sənətkarlardan biri olmuşdur. Belə ki, 1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada hazırlanan “Məcnun Leylinin qəbri üstündə” musiqili səhnəciyində Cabbar Qaryağdıoğlu yaratdığı Məcnun rolu ilə ilk aktyor olaraq adını operamızın tarixinə qızıl hərflərlə yazmışdır.

Muğamın incəliklərinə və texnikasına dərindən bələd olan, mahir sənətkar, görkəmli xanəndə Cabbar Qaryağdıoğlu “Kürd Şahnaz”ı, “Mənsuriyyə”ni, “Mahur”u, “Heyratı”nı, o cümlədən bütün Azərbaycan muğamlarını və xalq mahnılarını özünəməxsus şəkildə böyük mübariz ruh, əzəmət və nikbinliklə oxuyardı.

Vebinarda Mərkəzin əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının görkəmli mədəniyyət xadimləri, eləcə də respublikada fəaliyyət göstərən bədii təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Görkəmli mədəniyyət xadimləri və bədii təhsil müəssisələrinin rəhbərləri öz çıxışları zamanı Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılıq irsi ilə bağlı müzakirələr aparmış, xatirələr bölüşmüş və sənətkarın repertuarına daxil olan musiqi nömrələri səsləndirmişlər.

Oxunub: 427

Əlavə olunub: 06.05.2021 18:41

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz