Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Xalq şairi, dramaturq, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyi ötən il dövlət səviyyəsində geniş qeyd olundu. Müxtəlif səpkili yubiley tədbirləri bu il də davam edir.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə Nəbi Xəzrinin 100 illiyi münasibətilə “Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsi elan edilir.
Müsabiqə istedadlı qiraətçilərin müəyyən edilməsi, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bədii qiraət sənətinə marağın artırılması, gənclərin ədəbi-estetik zövqünün zənginləşdirilməsi və Xalq şairi Nəbi Xəzrinin həyat və yaradıcılığının təbliği məqsədilə təşkil olunur.
Müsabiqənin şərtləri:
Müsabiqədə 18-35 yaş arası şəxslər iştirak edə bilər.
Təqdim olunan materialların ilkin seçim mərhələsi onlayn formatda həyata keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar müsabiqənin ikinci – əyani mərhələsinə dəvət olunacaqlar.
İkinci mərhələdə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdiriləcək.
Qaliblər diplom və hədiyyələr ilə təltif olunacaqlar.
Oxunub: 177
Əlavə olunub: 01.10.2025 05:38