Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Pir Hüseyn xanəgahı ətrafında ağac əkildi

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda yerləşən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun ərazisində ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və sözügedən qurumların əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları qoruğun mühafizə zonasında müxtəlif növ ağaclar əkiblər.
Qeyd edək ki, Azərbaycandakı xanəgahlar arasında Pir Hüseyn (Şirvani) xanəgahı nəzərəçarpacaq dərəcədə seçilir. Milli əhəmiyyətə malik, XI-XIII əsrlərə aid olan və Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində Pirsaat çayının sahilində yerləşən xanəgah müxtəlif dövrlərdə Şirvanşahlar və Elxanilər tərəfindən ucaldılıb.
Pir Hüseyn Şirvani sufi şairi və filosofu Məhəmməd Bakuvinin kiçik qardaşı idi. Şeyxin məzarını XIV əsrdə Qızıl Ordu xanı Özbək ziyarət etmiş və əmirlərinə burada tutduqları əsirləri azad etmək və taladıqlarını geri qaytarmaq əmri vermişdir.
Aksiya çərçivəsində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb. Həmçinin Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti bir daha vurğulanıb.
Dövlət Xidmətinin əməkdaşları olan birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları da ürək sözlərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Oxunub: 310

Əlavə olunub: 03.11.2022 10:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz