Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzləri üçün saksofon ifaçılığı, elementar musiqi nəzəriyyəsi və yeni ixtisas kimi tədrisi nəzərdə tutulan fotoqrafiya sənəti üzrə tədris proqramlarının müzakirəsi həyata keçirilib.
Müzakirələrdə müvafiq sahələr üzrə fəaliyyət göstərən mütəxəssislər, müəllimlər və MEMİM-in aidiyyəti əməkdaşları iştirak ediblər.
Təqdim edilən tədris proqramlarının həm klassik pedaqoji ənənələrə, həm də müasir tələblərə uyğunluğunun əhəmiyyəti qeyd olunub.
Mütəxəssislər tədris materiallarının yenilənməsinin və yeni ixtisasların tədrisinin zəruri olduğunu qeyd edərək görülən işi yüksək qiymətləndiriblər. Fotoqrafiyanın müstəqil ixtisas kimi tədris prosesinə daxil edilməsi xüsusilə əhəmiyyətli addım kimi dəyərləndirilib.
Saksofon ifaçılığında klassik və müasir repertuarın tədris planına inteqrasiyası, texniki məşq metodikasının yenilənməsi, elementar musiqi nəzəriyyəsinin interaktiv metodlarla tədrisinin inkişaf etdirilməsi, milli musiqi nümunələrinin proqramda geniş yer alması, fotoqrafiya sənətində isə rəqəmsal texnologiyaların tədris prosesində tətbiqi, bu sahənin nəzəri əsaslarının gücləndirilməsi əsas müzakirə mövzuları olub. Müzakirə iştirakçıları tərəfindən diqqətə çatdırılan bir sıra rəy və təkliflər dəyərləndirilərək nəzərə alınıb.
Yeni tədris proqramları incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bacarıqlarının erkən mərhələdən düzgün formalaşdırılması baxımından əhəmiyyətli vəsaitlərdir.
Oxunub: 284
Əlavə olunub: 11.06.2026 08:46