Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Nizami Gəncəvi – sönməz günəşin hikmət dəryası”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən, 6 aprel 2021-ci il tarixində Mərkəz tərəfindən “Nizami Gəncəvi – sönməz günəşin hikmət dəryası” adlı elmi vebinar təşkil olunub.
 
Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, eləcə də onun irsinin təbliğ olunması məqsədilə keçirilmiş vebinarda dahi şair və mütəfəkkirin irsinin Azərbaycan incəsənətinin müxtəlif istiqamətlərində təcəssümü müzakirə olunub.
 
Vebinarda Mərkəzin əməkdaşları ilə yanaşı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Gəncə bölməsi – Nizami Gəncəvi Mərkəzinin və Gəncə Dövlət Universitetinin alim və mütəxəssisləri, regionlarda çalışan mədəniyyət işçiləri iştirak ediblər.
 
Həmçinin Türkiyə Səlcuq Universitetinin Ədəbiyyat fakültəsinin Fars dili və ədəbiyyatı bölməsinin rəhbəri, professor, doktor Ali Temizel Nizami Gəncəvi haqqında Türkiyədə görülmüş işlər və araşdırmalardan bəhs etdi.
 
Vebinarda çıxış edən alimlər Azərbaycan poeziyasında dahi Nizaminin tərənnümündən, onun yaradıcılığında sənət və sənətkarlıqdan, musiqi və fəlsəfəsindən, mütəfəkkirin ictimai əlaqələr üzrə görüşlərindən, Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığındakı İsgəndər obrazlarının müqayisəli amillərindən söhbət açıblar. Bundan əlavə, mütəxəssislər dahi şairin məqbərəsinin tarixindən, taleyindən və o dövrdə yaşayan əxilərlə əlaqələrindən danışıblar.
 
Vebinarda, həmçinin Nizaminin əsərləri də səsləndirilib.

Oxunub: 736

Əlavə olunub: 07.04.2021 11:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz