Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən bölgələrdə təşkil olunan ustad dərsləri çərçivəsində növbəti tədbir Neftçala şəhərində reallaşıb. Aprelin 2-də Camal İsmayılov adına Uşaq incəsənət məktəbində keçirilən ustad dərsi tar ixtisasına həsr olunub.
Tədbirdə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə çıxış edən MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova ustad dərslərinin regionlarda musiqi təhsilinin inkişafına əlavə dəstək məqsədilə həyata keçirildiyini bildirib. Vurğulanıb ki, peşəkar musiqiçilərin iştirakı ilə təşkil olunan bu qəbildən dərslər şagirdlərin ifa bacarıqlarını artırmaqla yanaşı, müəllimlər arasında təcrübə mübadiləsinin genişlənməsinə də şərait yaradır.
Sonra Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının dosenti Əflaruz Məmmədovun apardığı ustad dərsi başlanıb. Ə.Məmmədov tarın ifası zamanı diqqət yetirilməli məqamlardan bəhs edib, repertuar seçimi və səhnə mədəniyyəti barədə fikirlərini bölüşüb. Şagirdlərin ifası üzərindən bəzi tövsiyələr praktik icra olunub.
Ustad dərsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məktəbin rəhbərliyi və bir sıra təhsil ocaqlarından dərsdə iştirak edən müəllimlər tədbirin faydalı və yaddaqalan olduğunu vurğulayıb, minnətdarlıqlarını bildiriblər.
Oxunub: 239
Əlavə olunub: 03.04.2026 11:07