Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən bölgələrdə həyata keçirilən ustad dərsləri davam edir.
Aprelin 2-də Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil olunan ustad dərsində Şirvan şəhərində, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarında fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
MEMİM-in şöbə müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək ustad dərslərinin regionlarda musiqi təhsilinin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, peşəkar musiqiçilərin iştirakı ilə keçirilən görüşlər şagirdlərin ifaçılıq bacarıqlarının və sənətə marağının artırılmasında mühüm rol oynayır, müəllimlər arasında təcrübə mübadiləsinə imkan yaradır.
Sonra L.Kərimova MEMİM tərəfindən tərtib olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını məktəbin kitabxanasına hədiyyə edib.
Sonra ustad dərsi başlanıb. Əməkdar müəllim, Bakı şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Fortepiano şöbəsinin müdiri Zərifə Məmmədyarova tərəfindən aparılan ustad dərsində alətin ifaçılıq texnikası haqqında məlumat verilib, çalğı zamanı diqqət yetirilməli məqamlar əyani şəkildə göstərilib. Şagirdlərin ifaları dinlənilib, onlara müvafiq tövsiyələr verilib.
Ustad dərsləri iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Oxunub: 423
Əlavə olunub: 03.04.2026 11:05