Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

NAZİRLƏR KABİNETİNİN QƏRARI


AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ


Q Ə R A R


Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan
Respublikasının ərazisində geniş yayılmasının qarşısının
alınmasına dair əlavə tədbirlər haqqında
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının
alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində
ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət
qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə
yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini
təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq
haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci
maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat
00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı
qaydada tətbiq edilsin:
1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə
arayış əsasında hərəkət etmələrinə yol verilir:
1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının
əməkdaşları;
1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
Aparatının əməkdaşları;
1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
və onların müavinləri;
2
1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və
Aparatının əməkdaşları;
1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların
müavinləri;
1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
əməkdaşları;
1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
və onun tabeliyindəki qurumların əməkdaşları;
1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə
fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli
əlavə);
1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının
(müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə
tutulmuş orqanların əməkdaşları, vəkillər;
1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;
1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş
diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları
və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən
tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”
portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi
şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi
şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);
1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il
30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə
fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi
şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs
yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl
hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin
edilməsi üçün tələb olunan əməkdaşları.
1.3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri”
Hərəkatı, "Regional İnkişaf" İctimai Birliyi, “Bir” tələbə-könüllüləri,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar
“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
3
1.4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə
aşağıdakı hallarda yol verilir:
1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə
müalicə almaqla əlaqədar;
1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə
dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə
edilməsi zərurəti ilə əlaqədar;
1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.
1.5. Bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış
yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS
məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS
məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin
şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.
1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə
müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə
rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və
şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli
olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti
nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla
müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının,
habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən
istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün
(icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);
1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla
əlaqədar yaşayış yerini tərk etmək üçün.
1.6. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
1.6.1. Azərbaycan Respublikasının vətəndaşları üçün –
şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111);
1.6.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi
yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün –
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi
yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ
(DYİ)1111111);
1.6.3. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma
müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın
seriyası və nömrəsi (MOM1111111);
Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə
dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə
4
edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2
AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.
1.7. Elektron Hökumət informasiya sistemindən gələn cavab
SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs
yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
1.8. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət
yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın
göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya
hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən
yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq
mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının
tələbi ilə onlara təqdim etməlidirlər.
1.9. SMS icazə sistemindən istifadə qaydaları və SMS
göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı
Mərkəzinə müraciət edilə bilər.
1.10. Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər
əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər
barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat
10:00-dan etibarən daxil etməlidirlər.
1.11. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti
zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması
məcburidir.
1.12. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının
pozulması halları xüsusi karantin rejiminin pozulması kimi
qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində
nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda,
“icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış
məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS
sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları
daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər
barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.


Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 2 aprel 2020-ci il
№ 124


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 2 aprel
tarixli 124 nömrəli Qərarına
1 nömrəli əlavə


Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət
əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz
fəaliyyət göstərən müəssisələrin


Siyahısı


1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
2. “Azəriqaz” İstehsalat Birliyi
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və
birgə müəssisələri)
7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti
8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyəti
13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
Seysmoloji Xidmət Mərkəzi
17. Bakı Nəqliyyat Agentliyi
18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyəti
20. Dövlət Dəniz Agentliyi
21. Dövlət Mülki Aviasiya Agentliyi
22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və
təchizatı müəssisələri



Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 2 aprel
tarixli 124 nömrəli Qərarına
2 nömrəli əlavə


Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə
edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra
hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan
hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik
hüquqi şəxslərin


Siyahısı


1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
8. Azərbaycan Respublikasının Energetika Nazirliyi
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi
14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi
15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi
16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik
25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus
banklar
26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti
orqanları
28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
31. Azərbaycan Respublikasının Hesablama Palatası
32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu
35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit
Təşkilatı

 

Oxunub: 588

Əlavə olunub: 02.04.2020 18:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz