Bir zamanlar qadınların üst geyimi kimi istifadə etdiyi kürdü xüsusi rəng ahəngi və zərif naxışlarla bəzədilən milli geyim kolleksiyasının tərkibinə daxil olmuşdur.
Sıx naxış işləmələrindən ibarət olan geyim nümunəsi tirmə, məxmər və s. parçalardan tikilirdi. Adətən qolsuz tikilən üst geyimi sırıqlarla hazırlanmışdır.
Yaxa və ətək hissələrinə xəz dəri tikilən kürdünün yan tərəflərinə xüsusi çapıqlar əlavə olunurdu. Bölgələrə məxsus cəhətləri əks etdirən kürdünün Xorasan növü tünd sarı rəngli dəridən və eyni tonda ipək saplarla vurulan naxışlardan ibarət idi.
Qarabağda hazırlanan kürdü bədənə kip yapışır, qolsuz olmaqla yalnız xəz və bafta ilə bəzədilirdi. Gəncədə isə dəridən hazırlanan kürdünün qollarına və kənar tikilişinə əlavə xəz qoyulmurdu.