Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Milli geyim əsrlərin mirası kimi” konfrans

Noyabrın 24-də Dövlət Teatr Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkil etdiyi “Milli geyim əsrlərin mirası kimi” mövzusunda elmi-praktiki konfransı keçirilib.

Konfransda çıxış edən Dövlət Teatr Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova tədbirin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd xalqımızın etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif formaları, bədii bəzək naxışlarının qorunaraq nəsildən-nəslə düzgün ötürülməsi və Azərbaycan maddi-mədəni dəyərlərinin təbliğində milli geyimlərin aktuallığının nəzərə çatdırılmasıdır: “Bu gün muzeyimizdə tamaşalar üçün hazırlanan geyim eskizləri qorunub saxlanılır. Hər bir xalqın həyat tərzi, yaşayışı onların geyimlərində də özünü göstərib. Bizim də milli geyimlərimizdə müxtəlif həyat tərzinə, yaşamına, döyüş ruhuna və köçəri həyat tərzinə uyğun geyimlər var.

Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tədqiqatçı- alimləri məruzə ilə çıxış ediblər. Onlar da milli geyimlərin əhəmiyyətindən geniş söhbət açıblar.

Tədbirə regionlarda fəaliyyət göstərən mədəniyyət və incəsənət müəssisələrinin əməkdaşları "Zoom" proqramı vasitəsilə qoşularaq məruzə ətrafında öz fikirlərini bildiriblər.

Konfransda “Şərqi Zəngəzurun geyim mədəniyyəti”, “Qloballaşma və milli geyimlər”, “Azərbaycan corablar”, “Azərbaycan milli geyimlərinin tarixi formaları, etimologiyası və semantikası”, “Ənənəvi geyimlərin müasir modada interpretasiyası”, “Azərbaycan geyim mədəniyyətində basmaçılıq” və “Modada üslublar və dövrlər” adlı məruzələr dinləyicilər tərəfindən maraqla qarşılanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova, Rəssamlıq Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Sabira Dünyamalıyeva və AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva, AMEA Milli Tarix Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin metodistləri Məhbubə Əbilova və Leyla Qlıcovanın mövzu ilə bağlı geniş təqdimatları dinlənilib.

Daha sonra mədəniyyət könülləri tərəfindən milli geyimlərin təqdimatı olub.

Konfransa V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel" rəqs qrupunun rəngarəng rəqsləri ilə yekun vurulub.

mənbə: AzTV

Oxunub: 448

Əlavə olunub: 24.11.2021 13:41

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz