Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
“Milli geyim əsrlərin mirası kimi” adlı konfrans
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 24 noyabr saat 11:00-da C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Milli geyim əsrlərin mirası kimi” adlı elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd xalqımızın etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif formaları, bədii bəzək naxışlarının qorunaraq nəsildən-nəslə düzgün, savadlı ötürülməsi və Azərbaycanın maddi-mədəni dəyərlərinin təbliğində milli geyimlərin aktuallığının nəzərə çatdırılmasıdır.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan, AMEA Memarlıq və İncəsənət İnstitutundan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən tədqiqatçı-alimlər, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları məruzəçi qismində çıxış etmişlər. Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova konfransı giriş sözü ilə açaraq, teatr rəssamları tərəfindən çəkilmiş və bu gün muzeyin kolleksiyasında saxlanılan geyim eskizlərindən söhbət açmışdır. Bu münasibətlə teatr tamaşalarına hazırlanmış geyimlər və eskizlər də nümayiş olunmuşdur.
Elmi-praktiki konfransın auditoriyasını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, eyni zamanda zoom proqramı vasitəsilə onlayn formatda regionlarda fəaliyyət gostərən mədəniyyət və incəsənət müəssisələrinin əməkdaşları təşkil etmişdir.
Konfransda “Şərqi Zəngəzurun geyim mədəniyyəti”, “Qloballaşma və milli geyimlər”, “Azərbaycan corabları”, “Azərbaycan milli geyimlərinin tarixi formaları, etimologiyası və semantikası”, “Ənənəvi geyimlərin müasir modada interpretasiyası”, “Azərbaycan geyim mədəniyyətində başmaqçılıq”, “Modada üslublar və dövrlər” adlı məruzələr dinlənilmişdir.
Tədbirdə mədəniyyət könüllüləri tərəfindən milli geyimlərin təqdimatı və yekun olaraq V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs qrupu tərəfindən rəqs nömrəsi təqdim edilmişdir.