Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

MEMİM-in təşkilatçılığı ilə Masallıda qarmon ixtisası üzrə ustad dərsi keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə noyabrın 24-də Masallı şəhər Onbirillik İncəsənət Məktəbində qarmon ixtisası üzrə ustad dərsi keçirilib.

Ustad dərsində Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının musiqi və incəsənət məktəblərində çalışan qarmon müəllimləri, həmçinin bu ixtisas üzrə təhsil alan şagirdlər iştirak ediblər.

Tədbirin əvvəlində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək ustad dərslərinin təşkilinə görə MEMİM-ə təşəkkürünü bildirib. O, bu cür təşəbbüslərin gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar mütəxəssislərin təcrübəsindən yararlanması və yaradıcılıq potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Əməkdar mədəniyyət işçisi, MEMİM-in şöbə müdiri Lalə Kərimova ustad dərslərinin musiqi təhsili sahəsində metodiki biliklərin zənginləşdirilməsi, müəllim və şagirdlərdə yaradıcı yanaşmanın formalaşdırılması, ifaçılıq bacarıqlarının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qarmon ixtisası üzrə ustad dərsi Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri ifaçılığı kafedrasının və Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Elnur Qarayev tərəfindən aparılıb.

Dərs zamanı iştirakçılara ifaçılıq texnikası, musiqi əsərlərinin interpretasiyası və tədris metodikası ilə bağlı tövsiyələr verilib, auditoriyanın sualları cavablandırılıb.

Oxunub: 56

Əlavə olunub: 25.11.2026 15:05

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası