Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyətlə iqtisadiyyatın qovuşduğu nöqtə

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə cari ilin 13 iyul tarixində keçirilmiş “Müasir mədəni brendinq: kəlağayı sənəti” adlı videokonfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, 12 iyul Tovuz rayonu istiqamətində baş vermiş döyüşlərdə şəhid olmuş əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda tədbirin həmtəşkilatçısı “Azəripək” MMC-nin nümayəndələri Elvira Məmmədovə və Firüzə Bədəlova ilə yanaşı, marketinq mütəxəssisləri, o cümlədən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, tarix üzrə fəlsəfə doktoru Rəna Rəcəbli, tarix üzrə elmlər doktoru İlhamə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji İnkişaf şöbəsinin direktoru Turan Süleymanov, Bakı Mühəndislik Universitetinin mütəxəssisi Tahirə Salayeva və bir sıra digər alim-mütəxəssislər öz məruzələri ilə çıxış etmiş, mütəxəssislər ilə yanaşı tədbirdə regionlarda çalışan mədəniyyət işçiləri də iştirak etmişlər.

Çıxış edən mütəxəssislər qeyd ediblər ki, müasir mədəni məkanların daha çox ictimai marağa səbəb olması və daha çox auditoriya əldə edə bilməsi üçün mədəni marketinqin bəxş etdiyi imkanlardan geniş istifadə olunmaldır. Məhz bu səbəbdən tədbir çərçivəsində mütəxəssislər tərəfindən marketinq və marketinqin tərkib hissəsi olan brendinq fəaliyyətinin müasir xüsusiyyətlərindən geniş şəkildə bəhs olunmuşdur. 

Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə müzakirələr zamanı milli mədəni brend, mədəni marketinq, təbliğat strategiyaları, müasir mədəni xidmətlər və digər mövzular ətrafında fikir mübadilələri də aparıblar.

Aparılan fikir mübadilələri çərçivəsində çıxış etmiş Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev milli mədəni brendlərin yaradılması mövzusunun mədəniyyətlə iqtisadiyyatın qovuşduğu nöqtə olduğunu bildirmişdir. Mədəniyyət sahəsinin iqtisadiyyatı bir o qədər də inkişaf etmədiyi səbəbindən mövcud istiqamətdə mütəxəssis defisitinin mövcudluğunu bildirən A.Usubəliyev, mövzunun perspektivliyini xüsusi olaraq vurğulamışdır.  

Xatırladaq ki, Mərkəz tərəfindən keçən ilin iyul ayında Gədəbəydə “Milli Yaylaq Festivalı” çərçivəsində Türkiyə, Rusiya və Qazaxıstan alim və mütəxəssislərinin iştirakı ilə sözügedən mövzuya həsr olunmuş “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans, habelə təlim xarakterli layihələr reallaşmışdır.

 

 

 

 

 

 

 

 

Oxunub: 526

Əlavə olunub: 13.07.2020 11:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz