Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Cari ilin 1 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Mədəniyyətin aşılanmasında müəllimin rolu” adlı vebinar təşkil edilib. Vebinar zamanı öncə Qaraheybətdə baş tutmuş helikopter qəzasının nəticəsində həlak olan hərbiçilərimizin xatirəsi yad olundu.
Mərkəzin 2021-ci ilin ikinci yarım ili üçün İş Planına əsasən baş tutmuş vebinarda Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültənin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov, ADPU-nun “Məktəbəqədər təhsilin pedaqogikası” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Şərafət Baxışova, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru, dosent İlham Cavadov, Bakı şəhər Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzinin rejissoru Lalə Hadıyeva, Bakı şəhəri Səbayıl rayonu 203 saylı orta məktəbin müəllimi, əməkdar müəllim Nailə Əhmədova, 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, 189 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natavan Məmmədova, həmçinin Mərkəzin əməkdaşları iştirak ediblər.
Çıxış edən alim və mütəxəssislər şagirdlərdə mənəvi mədəniyyətin formalaşması işində müəllimin peşəkarlığı və səriştəsindən, pedaqoji peşə mədəniyyətindən, gənc nəslin milli-mənəvi ruhda formalaşmasından, müəllimin peşəkarlığında mədəniyyət amillərindən, orta məktəblərdə mədəniyyətin təbliğindən və digər görülən işlərdən söz açıblar.
Vebinarda müəllimdən öz fənnini təkcə yaxşı bilib öyrətmək deyil, həm də pedaqoji prosesə yaradıcılıqla yanaşması, novator olması, mədəniyyətin aşılanması, yeniliklərlə işləyə bilməsi, təhsil alanların təfəkkürünü inkişaf etdirilməsi, şəxsiyyət kimi formalaşdırılması kimi məsələlər də müzakirə olunub.
Qeyd edilib ki, Vətən üçün layiqli vətəndaş, əsgər, qürurla və əzmlə torpaqlarını düşmən işğalından azad etmək məqsədilə canından keçməyə hazır olan qəhrəman və sadəcə mədəni insanları yetişdirən müəllimlərin əməyi və rolu danılmazdır. Bundan əlavə, iştirakçılar bu tip tədbirlərin vaxtaşırı məktəblərdə də təşkil olunması təklifini irəli sürdülər.
Oxunub: 833
Əlavə olunub: 02.12.2021 11:43