Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mədəniyyət sahəsində sahibkarlıq” adlı vebinar

Cari ilin 18 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Mədəniyyət sahəsində sahibkarlıq” adlı vebinar keçirilmişdir.
Vebinar Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi yad olunması ilə başlamışdır.
 
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş Planına əsasən təşkil olunmuş vebinar mədəniyyət sahəsində sahibkarlıq fəaliyyətinin davamlı inkişafı üçün yaradıcı, təşəbbüskar və yenilikçi gənclərdən ibarət komandanın yaradılması, istedadların kəşf edilərək fəaliyyətə cəlb edilməsi, mövcud sahədə bazar təhlili və eyni zamanda, müasir auditoriyanın ehtiyac və tələblərinə cavab verən xidmətlərin təqdim edilməsi məqsədi ilə keçirilmişdir.
 
Vebinarda Mərkəzin əməkdaşları ilə yanaşı Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova, “Könüllülər” Kitabxana İctimai Birliyinin sədri Niyaz Eyvazov, Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı, regional mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak edib.
 
Tədbirdə azad olunmuş torpaqlarda mədəni istehsalat, kino sahəsində kommersiya və sahibkarlıq perspektivləri, kitabxanalarda sahibkarlıq fəaliyyəti, rəssamlıqda və digər sahələrdə sahibkarlığın inkişafında mədəniyyət müəssisələrinin əhəmiyyəti, həmçinin, xarici ölkələrlə bu sahədə mövcud vəziyyət müqayisəli şəkildə müzakirə olunub.
 
Çıxış edən mütəxəssislər mədəniyyət sahəsinin mədəni məhsul və xidmətlərin yerli və qlobal iqtisadi mühitə təsir mexanizmlərini müəyyən edən, sahibkarlıq, texnologiya, yaradıcılıq və iqtisadi fəaliyyəti özündə ehtiva edən, yeni startapları inkişaf etdirən sahə olduğunu qeyd ediblər. Vebinarda həm bədii yaradıcılıq, həm də innovativ menecment təcrübəsinin tələb olunduğu, müasir dövrdə mədəniyyət və biznesi birləşdirən yeni inkişaf paradiqmasının meydana çıxdığı vurğulandı.

Oxunub: 573

Əlavə olunub: 19.11.2021 12:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz