Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 26-da Xaçmaz şəhər Uşaq Musiqi Məktəbində violin ixtisası üzrə ustad dərsi keçirilib.
Əvvəlcə MEMİM-in şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək ustad dərslərinin təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki köməkliyin göstərilməsi, qabaqcıl ifaçılıq və tədris metodlarının bölüşülməsi, təhsilalanların yaradıcılıq potensialının daha səmərəli şəkildə üzə çıxarılması və hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır.
Əməkdar müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simli alətlər kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva tərəfindən keçirilən ustad dərsində isə violində ifaçılığın xüsusiyyətləri, alətlə düzgün davranış, ifa üçün əsərlərin seçilməsi barədə danışılıb, müəllim və şagirdlərə müvafiq tövsiyələr verilib.
İnteraktiv formatda keçən ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoq iştirakçıların suallarını cavablandırıb.
Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.
Oxunub: 156
Əlavə olunub: 27.10.2026 14:10