Logo

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano ixtisası üzrə ustad dərsi keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 26-da Xaçmaz şəhər Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.

Əvvəlcə MEMİM-in şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Lalə Kərimova və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev çıxış edərək ustad dərslərinin təşkilinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, ustad dərslərinin məqsədi Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərə metodiki köməkliyin göstərilməsi, qabaqcıl ifaçılıq və tədris metodlarının bölüşülməsi, təhsilalanların yaradıcılıq potensialının daha səmərəli şəkildə üzə çıxarılması və hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək olmaqdır.

Daha sonra L.Kərimova MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinə hədiyyə edib.

Fortepiano üzrə ustad dərsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas fortepiano kafedrasının baş müəllimi Zərif Kərimovanın iştirakı ilə gerçəkləşib. Müəllim fortepianoda ifa zamanı xüsusi diqqət yetirilməli olan məqamları qeyd edib, çalğı ilə bağlı bəzi texniki məsələlər əyani şəkildə icra olunub.

İnteraktiv formatda keçən ustad dərsi müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təcrübəli pedaqoq iştirakçıların suallarını cavablandırıb.

Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsi Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilir.

 

Oxunub: 147

Əlavə olunub: 27.10.2026 11:58

Mərkəz Layihələr Nəşrlər Xəbərlər Multimedia Sosial tərəfdaşlar Tədbirlərin coğrafiyası