Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Mədəniyyət” qəzetinin 30 yaşı tamam oldu

Bu il Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin nəşrə başlamasının 30-cu ildönümüdür. Müstəqil Azərbaycanın yaşıdı olan qəzet ötən dövrdə zəngin inkişaf yolu keçib və ölkənin kütləvi informasiya vasitələri arasında, müasir mətbuat tariximizdə özünə layiqli yer tutub. Bu illər ərzində qəzetin nəşr formatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır.

İlk sayı 1991-ci ilin yanvarında işıq üzü görən qəzetin səhifələrində son 30 ildə mədəniyyət tariximizin salnaməsi əks olunub. Bu salnamənin böyük bir hissəsini, eyni zamanda elektron formatda izləmək mümkündür. Qəzetin internet saytı (www.medeniyyet.az) hazırda ölkəmizdə mədəniyyətlə bağlı zəngin elektron resursdur. Ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, “Kitab”, “Afişa” əlavələri də nəşr olunub.

Nəşr ömrünün 30 yaşa çatması “Mədəniyyət”in redaksiyasında uzun illər çalışan, eləcə də burada nisbətən yeni fəaliyyətə başlayan hər bir əməkdaş üçün əlamətdar hadisədir.

Nazirlikdən bildirilib ki, qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri vəzifəsini icra edən Məhəmməd Həmzəyev fevralın 4-də “Mədəniyyət” qəzetinin redaksiyasında olub, mədəniyyət naziri Anar Kərimovun təbriklərini kollektivə çatdırıblar. Məryəm Qafarzadə bildirib ki, nazirin müvafiq əmrinə əsasən, redaksiyanın kollektivi əlamətdar yubiley münasibətilə mükafatlandırılıb və təşəkkürnamələrlə təltif olunub.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın öz tarixinin şanlı səhifəsinə qədəm qoyduğu bir vaxtda mədəniyyətin idarə olunması, mədəni inkişafın günün tələbləri səviyyəsində qurulması vacibdir. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən həm forma, həm də məzmunu ehtiva edən islahatlara başlanılıb və bu, informasiya və kommunikasiya sahəsində də qarşıya yeni vəzifələr qoyur. Qarabağa “Böyük Qayıdış” proqramına başlanılması, ölkə Prezidenti tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Nizami Gəncəvi İli”nin elan olunması 2021-ci ilin mədəniyyət sahəsi üçün çox zəngin olacağını deməyə əsas verir. Bu işdə mətbuatın, kütləvi informasiya vasitələrinin də üzərinə önəmli məsuliyyət düşür. “Mədəniyyət” qəzetinin indiyədək bu xüsusda mühüm rolu olduğunu qeyd edən M.Qafarzadə əmin olduğunu bildirib ki, qəzet bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. Şöbə müdiri yubiley münasibətilə kollektivi təbrik edərək, qəzetə yeni uğurlar arzulayıb.

Oxunub: 685

Əlavə olunub: 08.02.2021 08:39

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz