Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyət Nazirliyi tərəfindən müraciət

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov tərəfindən 100-dən çox xarici ölkənin mədəniyyət sahəsinə məsul qurumunun rəhbərinə cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən hücumlarla bağlı məktub ünvanlanmışdır.

Məktubda 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətməsi, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması barədə məlumat verilmiş, nəticədə qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlər arasında çox sayda ölən və yaralananların olduğu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyi  bildirilmişdir. Qeyd olunmuşdur ki, Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən yaşayış məntəqələri ilə yanaşı münaqişə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini dəfərlərlə ballistik raket atəşinə tutmuşdur.

Məktubda, həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələrinin qeyd-şərtsiz icra olunmasının vacibliyi qeyd olunaraq, Ermənistanın mülki əhali və obyektləri, tarixi abidələri hədəfə almasının beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunun, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESKO-nun 1972-ci il Konvensiyasının, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyaları və Əlavə Protokollarının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi olduğu qeyd olunmuşdur.

Məktubun sonunda dünya ictimaiyyəti tərəfindən Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinin pislənməsinin və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərilməsinin vacibliyi vurğulanmışdır.

Oxunub: 594

Əlavə olunub: 26.10.2020 16:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz