Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə noyabrın 24-də Masallı şəhər Onbirillik İncəsənət Məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Ustad dərsində Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının musiqi və incəsənət məktəblərində çalışan fortepiano müəllimləri, həmçinin bu ixtisas üzrə təhsil alan şagirdlər iştirak ediblər.
Tədbirin əvvəlində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək ustad dərslərinin təşkilinə görə MEMİM-ə təşəkkürünü bildirib. O, bu cür dərslərin gənclərin bilik və bacarıqlarının artırılması, peşəkar mütəxəssislərin təcrübəsindən yararlanması, praktiki vərdişlərə yiyələnməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Əməkdar mədəniyyət işçisi, MEMİM-in şöbə müdiri Lalə Kərimova ustad dərslərinin musiqi təhsili sahəsində metodiki biliklərin zənginləşdirilməsinə, müəllim və şagird münasibətlərində yaradıcı yanaşmanın inkişafına, eləcə də ifaçılıq bacarıqlarının təkmilləşdirilməsinə töhfə verdiyini bildirib. O, MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə hədiyyə edib.
Fortepiano ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas fortepiano kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi tərəfindən aparılıb.
Dərs zamanı iştirakçılara ifaçılıq texnikası, musiqi əsərlərinin interpretasiyası və tədris metodikası ilə bağlı tövsiyələr verilib, suallar cavablandırılıb.
Oxunub: 77
Əlavə olunub: 25.11.2026 11:41