Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Kim? Harada? Nə vaxt?” intellektual yarışması

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi müharibədən əziyyət çəkmiş sakinlər üçün mədəni proqramlar təşkil edib.

Ölkəmizin qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bütün istiqamətlərdə olduğu kimi mədəniyyət sahəsində də bir sıra prioritet hədəflər müəyyən olunmuşdur. Aktual məsələlərdən biri də keçmiş təmas xəttində yaşayan əhalimizin mədəni-ictimai həyatının bərqərar olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin effektiv təşkil edilməsidir.

Silsilə tədbirlər çərçivəsində Füzuli rayonunda fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların mədəniyyət sahəsinə dair maraqlarının artırılması, gənclərin intellektual potensialının zənginləşdirilməsi, eyni zamanda faydalı biliklərin bölüşdürülməsi məqsədilə fərqli strukturlardan ibarət olan komandaların iştirakı ilə mədəniyyət mövzusuna həsr olunmuş “Kim? Harada? Nə vaxt?” intellektual yarışması təşkil olunmuşdur. Bilik yarışmasında Füzuli Rayon İcra Hakimiyyətinin “Zəfər”, Füzuli Müalicə-Diaqnostika Mərkəzinin “Təbib”, Füzuli Rayon Statistika İdarəsinin “Dəmir yumruq”, Kapital Bankın Füzuli rayon filialının “Bir Bank”, Füzuli Rayon Təhsil Şöbəsinin “Xarıbülbül”, 1 saylı Horadiz şəhər Məktəbinin “Ərgünəş” komandaları mübarizəyə qoşulmuşlar.

“Qarabağ şikəstəsi”nin sədaları altında başlanan yarışmada gərgin bilik mübarizəsi gedib. Nəticədə “Bir Bank” intellektual yarışın qalibi adını qazanıb. Qaliblərə müxtəlif hədiyyələr və diplomlar təqdim edilib. Digər iştirakçılara isə Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən hədiyyələr verilib. Sonda “Xudayar təsnifi” səsləndirilib.

Oxunub: 434

Əlavə olunub: 23.05.2021 18:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz