Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Hər əsgər bir qəhrəmandır” adlı vebinar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı çərçivəsində 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Ordumuzun qəhrəmanlığının, əsgərlərimizin şücaəti nəticəsində qəhrəmanlıqla dolu hərb tariximizə şanlı, taleyüklü və qürurverici günlərin yazıldığının gənc nəslə təbliğ edilməsi, gənclərimizin nümayiş etdirdikləri yüksək vətənpərvərlik hisslərinin daha da artırılması məqsədilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən müxtəlif layihələr reallaşdırılmaqdadır.

Bu səbəbdən cari ilin 26 may tarixində Mərkəz tərəfindən hərbi vətənpərvərlik mövzusunda “Hər əsgər bir qəhrəmandır” adlı vebinar təşkil olunub. Tədbir Mərkəzin 2021-ci ilin birinci yarım ili üçün İş Planına əsasən keçirilmişdir.

Mərkəzin, regional mədəniyyət müəssisələrinin əməkdaşlarının, gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş vebinarda Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı, Vətən müharibəsinin qazisi, mayor Taryel Didarov, Vətən müharibəsinin qaziləri İlham Məmmədov, Rail Yusifov, Əməkdar jurnalist, teleaparıcı, “Media” İctimai Birliyinin sədri Mətanət Ağamirli və digərləri tədbirdə söz sahibi olmuşlar.

Polkovnik Qurbaninin Vətən sevgisi ilə dolu olan çıxışı tədbir iştirakçılarının xüsusi diqqətinə səbəb olmuşdur. Belə ki, döyüş təcrübəsindən, əsgərlərin qəhrəmanlıqlarından və Ordumuzun uğurlarından danışan polkovnik, eyni zamanda ədəbiyyatımızda öz əksini tapmış qəhrəman obrazlara da müraciət etmişdir.

Digər çıxış edənlər Vətənin müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin Vətən sevgisini, torpaq qeyrətini, haqqı, ədaləti qanları ilə yazdıqlarını bildirmişlər. Şəhidlərimiz yaşlarından, hərbi rütbələrindən asılı olmayaraq qəlblə ağlın vəhdəti olan kamillik zirvəsinə ucaldıqlarını qeyd ediblər. Eyni zamanda Dövlət başçısının çıxışlarından ruhlanan minlərlə vətəndaşlarımızın Orduya könüllü olaraq yazılması kimi vətənpərvər mənzərənin şahidi olduqları üçün qürur duyduqları, habelə bu hisslərin dəstəklənməsi və inkişafı mədəniyyətimizin qarşısında duran ən vacib vəzifələrdən olduğu xüsusi olaraq vurğulanmışdır.

Vebinarın sonunda ədəbi-bədii kompozisiyalar səsləndirilmişdir.

Oxunub: 390

Əlavə olunub: 01.06.2021 18:03

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz