Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Gəncə abidələri: Şah Abbas məscidi

Gəncə abidələri içərisində memarlıq həllinə görə diqqəti cəlb edən ən böyük tikili Şah Abbas məscididir. Bu məscid Cümə məscidi də adlandırılır. 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə memar Şeyx Bahəddin Məhəmməd Amilinin layihəsi üzrə Gəncənin yeni mərkəzi yaradılarkən inşa edilib.
Şah Abbas məscidi iri giriş otağından, iki qoşa minarədən və böyük məscid binasından ibarətdir. İbadət evinin giriş qapısının üzərində biri fars, digəri isə ərəb dilində olmaqla iki kitabə var.
Şərq memarlıq üslubunda inşa olunan məscidin inşasında yerli bişmiş qırmızı kərpicdən istifadə edilib. Dördbucaqlı plana malikdir, üstü günbəzlə örtülüb. Məscidin pəncərələri rəngli şüşələr və şəbəkələrlə işlənib. Palıddan olan minbərinin üzərində işlənən oyma bəzəklər Azərbaycan şəbəkəçilik sənətinin nadir nümunələrindən hesab edilir.
Minbərin sol tərəfində ərəbcə həkk edilmiş yazıdan məlum olur ki, düşmən hücumlarından müxtəlif vaxtlarda zədə almış abidə Cavad xan tərəfindən iki dəfə əsaslı təmir olunub.
Əsrlərdir dim-dik ayaqda duran Gəncənin Şah əsəri, Şah Abbas məscidi müxtəlif vaxtlarda bir neçə dəfə əsaslı təmir olunub və ya restavrasiya edilib. Son restavrasiya işləri Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə aparılıb.

Oxunub: 425

Əlavə olunub: 18.12.2022 20:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz