Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb.
Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.
Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.
Layihə üzrə oktyabrın 9-da Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində Fortepiano ixtisası üzrə ustad dərsi keçirilib. Ustad dərsi Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyevanın iştirakı ilə gerçəkləşib. Dərsdə Bakı şəhər Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət, Niyazi adına 22 nömrəli uşaq musiqi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, Müslüm Maqomayev adına 26 nömrəli və Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəblərinin müəllim və şagirdləri çıxış ediblər.
N.Quliyeva şagirdlərin ifası üzərində tövsiyələrini verib, repertuar seçimi, texniki imkanların inkişafı və digər istiqamətlərdə auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.
Oxunub: 151
Əlavə olunub: 13.10.2025 11:57