Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ədilə Namazovanın doğum günü

9 sentyabr 1926-cı il tarixində Azərbaycanın ilk qadın pediatr alimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ədilə Namazovanın doğum günüdür.

1971-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, 1981-ci ildə əməkdar elm xadimi, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, 1993-cü ildə Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olan Ə.Namazova 1965-ci ildən Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri vəzifəsində çalışıb.

O, tədqiqatını əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr edib. Azərbaycanda pediatriya elmi məktəbinin yaradıcısı olan Ə.Namazova 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidenti olan akademik SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olub. Həmçinin Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib.

O, Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə və tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə, Prezident İlham Əliyevin 2016-cı il 7 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Oxunub: 482

Əlavə olunub: 09.09.2020 06:47

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz