Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bakı metrosu işə salınıb

Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.

Metropoliten mövcud xətlərinin uzunluğu 36,63 km olub 3 xətt üzərində yerləşən 25 stansiyadan, 1 elektrik deposundan ibarətdir.
Geoloji şərait nəzərə alınmaqla metropoliten stansiyaları, ada tipli olmaqla, 4 konstruksiya tipindən ibarət inşa edilib. Stansiyalardan 1-i yerüstü açıq tiplidir. 8 dərin özüllü stansiyadan 7-si tağtavanlıdır. 16 dayaz özüllü stansiyadan 3-ü tək tağtavanlı, 13-ü isə sütunludur.

Stansiyaların 18-i eskalatorlarla, 2-si liftlərlə və 1-i travolatorla təchiz edilib. Stansiyalarda 5 tipli 95 eskalator, eyni tipli 5 lift və 8 travolator fəaliyyət göstərir. Metropolitenin Qırmızı xəttinin (“İçərişəhər-Həzi Aslanov”) hazırda uzunluğu 18,80 km-dir və 13 stansiyası var.

1968-ci ildə ilk stansiyası istismara verilmiş Yaşıl xəttin (“Xətai-Dərnəgül”) mövcud uzunluğu 15,54 km-dir və 10 stansiyası var. 2016-cı il aprelin 19-da 3-cü – Bənövşəyi xəttinin ilk iki stansiyası (“Avtovağzal” və “Memar Əcəmi”) istismara verilib. Bu iki stansiya arasında məsafə 2,07 km-ə bərabərdir. Hazırda metropolitenin iki keçid stansiyası var.

Qırmızı və Yaşıl xətlər “28 May” və “Cəfər Cabbarlı”, Yaşıl və Bənövşəyi xətlər isə “Memar Əcəmi” stansiyalarında kəsişirlər. Bakı metropolitenində hər birində 5 vaqondan ibarət qatarlar hərəkət edir.

Yeni açılmış Bənövşəyi xəttin stansiyaları isə 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulub. Bütün metropoliten üzrə gediş haqqı vahid tariflə müəyyən edilir və 0,30 AZN təşkil edir.

Metropolitendə gediş haqqının yeganə ödəmə vasitəsi “BakıKart” sistemidir. 2018-ci ilin yekunlarına əsasən, metropoliten il ərzində 231 milyon sərnişin daşıyıb. Ümumi şəhər sərnişin daşınması ilə müqayisədə metro daşımalarının orta xüsusi çəkisi təqribən 30 faizə yaxındır.

Gələcəkdə Bakı Metropoliteni xətlərinin sayının 5-ə, şəbəkənin uzunluğunun 119 kilometrə, stansiyaların sayının isə 76-ya çatdırılması nəzərdə tutulur.

Oxunub: 824

Əlavə olunub: 06.11.2020 07:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz