Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan-Türkiyə birliyi: dostluq və qardaşlıq

Hər bir ölkə daxili və xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Bu yüksəliş isə heç də bütün ölkələr tərəfindən birmənalı qarşılanmır.

Təssüflər olsun ki, ölkəmiz də belə dövlətlərdəndir. Onu gözü götürməyənlər və hər yolla müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur və onlardan istənilən qədər danışmaq olar. Lakin bir də daima ölkəmizin yanında olan və heç bir dəstəyini əsirgəməyən bir qardaşı, dostu var Azərbaycanımın. Tarixi əsrlərə söykənən şanlı Türkiyə. Bax bu qardaşlıqdan, hər iki ölkənin əsrlər boyu davam edən münasibətlərindən söz açmaqdan vətənini sevən hər kəs kimi mən də qurur duyuram.

Türkiyə - Azərbaycan əlaqələrinin tarixi kökləri

 

Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan qaynaqlanır. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim keçdiyimiz əzəmətli yolu keçib. Diqqət yetirsək görərik ki, bizim şanlı türk xalqlarının tarixi bahadırlıq, alplıq, ərənlik tarixidir. O həm də bəşəriyyəti qüdrətli sənət inciləri ilə zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq, görməzdən gəlmək mümkün deyil!

Hələ 1918-ci il 28 mayda yaradılmış və şərqin ilk müsəlman-türk dövləti olan Azərbaycan Xalq Cümhuriyətinin daxili-xarici hücumlardan müdafəsində və möhkəmlənməsində o zamankı Osmanlı dövlətinin misilsiz köməyi olub. Belə ki, Osmanlı hökuməti I Dünya Müharibəsindən sonra ağır şərtlər altına düşməsinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana köməyə göndərdi. Onun rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Gəncədə, Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər bölgələrdə aparılan ağır döyüşlərdə eser-menşevik, daşnak qoşunlarını darmadağın edərək sentyabrın 15-də Bakıya daxil oldu. Bakının “Sentrokaspi diktaturası”ndan azad olunduğu gün tariximizin ən şanlı səhifələrindəndir.

Türkiyə və Azərbaycan prezidentlərinin dostluq, qardaşlıq münasibətləri

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. 

Ulu öndərin bu sitatı isə bütövlükdə iki ölkə əlaqələrinin hərtərəfli izahını vermiş olur: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.

Ümümmilli liderin layiqli davamçısı Preziden İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.

Bundan əlavə, Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit zamanı yaşanan hadisəni də xatırlatmaq yerinə düşər. Belə ki, Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Lakin Sammitdə iştirak edən Azərbaycan Prezidenti çıxışı zamanı bildirib ki, bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir: “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Bu tarixi çıxış bir daha sübut etdi ki, Azərbaycan da hər zaman Türkiyənin yanındadır və onun mövqeyini müdafiə etməyə hazırdır.  

Türkiyənin beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməyə çağırması, ikili standartların yaratdığı problemləri aradan qaldırmağa çalışması günümüzün reallıqlarındandır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması ilə Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. 

Tovuz döyüşlərində qardaş dəstəyi

Bildiyiniz kimi, iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmağa başladı. Nəticədə Azərbaycanın 12 hərbçisi və 1 dinc sakini şəhid olub, 4 həbçisi yaralandı.

Bu döyüşlər zamanı Türkiyə öz mövqeyini ortaya qoyaraq Azərbaycann yanında olduğunu vurğulayıb. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında Azərbaycana “sonuna qədər dəstək veriləcəyini” bildirib: “Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm. Hücumun Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhədlərdə, ağır silahlarla həyata keçirilməsi bu hadisənin Azərbaycana qəsdən edilən bir hücum olduğunu göstərir. Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər cür hücumun qarşısında olmaqda əsla tərəddüd etməyəcək”.

Sevindirici haldır ki, bu dəstək Türkiyə Prezidentinin bəyanatı ilə yekunlaşmadı. Eləcə də digər rəsmi şəxslərin dəstəyi bizi qürurlandırdı. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın söylədiyi sitatı və bütün dünyaya verdiyi mesajı bir daha xatırlayaq:

“Xocalıda bütün dünyanın gözü qarşısında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı yoldaşlarımızın sonunadək yanındayıq. Azərbaycan yalnız deyil. Azərbaycanda olmaqdan onur və qürur duyuruq”.

Eləcə də Müdafiə naziri Zakir Həsənovun: “İnşallah, Azərbaycan Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə öz vəzifəsini yerinə yetirəcək”, - deməsi Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin heç də uzaqda olmamasının mesajı idi.

Mövcud vəziyyətlə əlaqədar son hadisələr sübut etdi ki, Ali Baş Komandanın əmrini gözləyən, onu dəstəkləyən, yanında olan minlərlə vətəndaşın vətən eşqi, azadlıq sevdası  bizi qələbəyə yaxınlaşdıran birliyimiz, gücümüdür.

Bu həssas dönəmdə Türkiyə rəsmiləri ilə yanaşı, Türkiyə xalqından da Azərbaycan xalqına böyük dəstək görmüş olduq. Yaxın günlərdə Türkiyə xalqının Azərbaycanla bağlı sorğulardakı cavabları ilə qardaşlığını hiss etmiş olduq. Onların arasınsa “Dağlıq Qarabağda savaş başlayarsa, düşünmədən gedərəm” deyən qan qardaşlarımız vardı. Bunu başqa heç bir millət Azərbaycan üçün etməz. Bu bir daha “Türkün türkdən başqa dostu yoxdur” ifadəsini təsdqiləmiş oldu!

Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Əminlikdə deyə bilərik ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canmızla, dilmizlə, dinmizlə bağlıyıq!

Sonda fikirlərimi öz əsərlərində vətən, millət mövzusuna toxunan Azərbaycan poeziyasının azadlıq və hürriyyət mücahidlərindən biri olan Məhəmməd Hadinin “Türkün nəğməsi” şeirindən bir parça ilə yekunlaşdırmaq istəyirəm. Bu parça qardaşlığımıza, birliyimizə, mübarizəmizə ithaf olsun!

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Qan ilə qazandıq zəfəri, verməriz əldən,

Xof eyləmədik atəşi-dəhhaşe düvəldən

Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,

İstərsə cahan çevrili varsın da təməldən.

Türkün üzü çevrilməyəcək səmti-əməldən,

Türklər geriyə dönməyəcək müslih əməldən.

Yüksək yaşamaq istər ikən cümlə miləldən.

Türkün tökülən qanları bihudə gedərmi?

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

 

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Oxunub: 517

Əlavə olunub: 17.08.2020 11:14

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz