Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan musiqisi naminə peşəkarların birləşməsi

Son zamanlar dünyanın bir çox ölkəsində Azərbaycan diaspora hərəkatının canlanma mənzərəsinə şahidlik edirik. Müxtəlif ölkələrdə yaşayan həmyerlilərimiz ölkəmizin təbliğində fəal mövqe tutmaqdadırlar. Sözsüz ki, bu müstəvidə fərqli istiqamətlər üzrə pedaqoji fəaliyyət ilə məşğul olan həmyerlilərimizin rolu xüsusi çəkiyə malikdir. Xarici ölkələrdə pedaqoji fəaliyyətə cəlb olunan azərbaycanlılar arasında bədii təhsillə məşğul olunan mütəxəssislər ayrıca olaraq qeyd olunmalıdır.

            27 iyul 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və                                                        İxtisasartırma Mərkəzi tərəfindən “Bədii təhsildə kadr miqrasiyası: mülahizələr və perspektivlər” adlı beynəlxalq vebinar təşkil edilmişdir. Dünyanın 10 ölkəsindən olan və bədii təhsilə cəlb olunmuş azərbaycanlı mütəxəssislər bir araya gəlmiş və peşəkar fikir mübadiləsi aparmışlar.   

            Dünyada cərəyan edən qlobal çağırışlar şəraitində hər bir ölkə davamlı inkişafın təmin edilməsi üçün müvafiq siyasət yeridir. İslahatların uğurlu nəticələnməsi bilavasitə idarəetmə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından və kadr potensialının təkmilləşdirilməsindən asılıdır. Bu mənada konkret sahələr üzrə peşəkarların yetişdirilməsi məsələsi müstəsna əhəmiyyətə malikdir.

            Üzeyir Hacıybəyliyə həsr olunmuş videoçarxın nümayişi ilə başlanmış vebinarda müxtəlif ölkələrdə peşəkar musiqi və pedaqoji fəaliyyət ilə məşğul olan azərbaycanlıların fəal iştirakı ilə ölkəmizdə uşaq musiqi məktəblərinin inkişafına xidmət edə biləcək perspektiv layihələrdən söhbət açılmışdır.

            Fikir mübadiləsində iştirak edən Elcan Rzayev - pianoçu, bəstəkar, vokalist və Frangiz Bağırova - vokalist, bəstəkar, estrada ifaçısı (Niderland), Rasim Fərziyev - kamança və skripka ifaçısı, Səadət Fərziyeva - sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, pianoçu, Rafiq Rüstəmov - tarzən (Böyük Britaniya), Oqtay Zeynalov – skripka ifaçısı və Xədicə Zeynalova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniya Detmold Konservatoriyasının dosenti, bəstəkar, musiqişünas, pianoçu (Almaniya), Turan Manafzadə – Əməkdar artist, dirijor, pianoçu, bəstəkar (Türkiyə), Yusif Savalan – vokalist (Kanada), Elvina Qurbanova – skripka ifaçısı (ABŞ),  Abuzər Manafzadə - pianoçu, bəstəkar, dirijor (Avstriya), Sandi Alem Anvar – pianoçu (Misir), Vüsalə Yusif – sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu (Oman), İsmayıl Hacıyev - bəstəkar (Kanada) və Pikə Axundova – bəstəkar, pianoçu, prezident təqaüdçüsü (Azərbaycan) qaldırılmış mövzu ilə əlaqədar öz maraqlı mülahizə və təkliflərini səsləndirmişlər.

Tədbirin moderatoru Mərkəzin sektor müdiri Nadir Məmmədov eyni zamanda Bakı şəhər Uşaq Musiqi və İncəsənət Məktəblərinin rəhbərlərini tədbir iştirakçılarına təqdim edərək, aparılan müzakirələr çərçivəsində onların da fikirlərini almışdır. Çıxış edənlər həm Azərbaycanda fəaliyyət göstərən bədii təhsil məktəblərində təlim-tədris prosesinin üstünlükləri və çatışmazlıqlarının, həmçinin digər dövlətlərdəki musiqi təhsilinin hansı səviyyədə olmağının və Azərbaycanda bədii təhsil məktəblərində tədbiq edilə yeniliklərin bu sahədə olan mövcud inkişafa müsbət təsir edəcəyindən bəhs etdilər.

Vebinarın sonunda çıxış etmiş Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev mövcud formatdakı tədbirin ilk dəfə təşkil olduğunu bildirərək, dünyanın 10 ölkəsindən olan azərbaycanlıların bir araya toplanması faktını əlamətdar hal kimi qiymətləndirdi. Prezidentin təşəbbüsü ilə başlanmış islahatların qarşısında duran strateji hədəflərdən biri məhz Azərbaycanda müxtəlif sahələr üzrə peşəkar və rəqabətə davamlı kadrların yetişdirməsindən ibarət olduğunu yada salan A.Usubəliyev, musiqi və bədii təhsil kimi sahələrin sözügedən kontekstdə özəl çəkiyə malik olduğunu vurğulamışdır.

Ölkəmizin bədii təhsil sisteminin ilk pilləsini təşkil edən uşaq musiqi və incəsənət məktəblərin uzun illər ərzində qazanılmış uğurlu ənənələrin qorunması ilə yanaşı, tədrisin təşkili və məktəblərin idarə olunması kimi proseslərin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edən Mərkəzin direktoru, sözügedən istiqamətdə, habelə Azərbaycan musiqisinin sistemli təbliği işlərində mövcud potensialların səfərbər olunmasına ehtiyac olduğunu bildirmişdir.

Daha sonra fikir mübadiləsi formatında davam edən görüş çərçivəsində iştirakçılar tərəfindən mövcud istiqamətdə fəaliyyətin koordinasiyasına ehtiyac olduğu və xaricdə yaşayan həmyerlilərimiz tərəfindən əldə ediləcək uğurların respublikanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edəcəyini bildirilmişdir.



Oxunub: 974

Əlavə olunub: 28.07.2020 07:00

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz