Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Aşıq Ələsgərin 200 illik yubiley tədbirləri

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli 2511 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirmişdir.
 
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarımillik İş Planına əsasən gerçəkləşib.

Həmin tədbirlər çərçivəsində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans 14 aprel tarixində baş tutmuşdur.

Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Türkiyə Respublikası Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar Bayramının təşkilatçısı Arif İnan Yıldırım, L.N.Gumilev adına Eurazya Milli Universiteti, “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arykkarkızı, Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya, Azərbaycan Aşıqlar Birliyinin Qazax bölgəsi üzrə aşığı Hüseyn Dəryahquliyev, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölgəsi üzrə sədr müavini, Gəncə Musiqi Kolleci və Z.Qayıbov adına Uşaq Musiqi Məktəbinin Saz ixtisası üzrə müəllimi İlqar Nəcəfov, Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Azərbaycan Aşıqlar Birliyinin üzvü Hafiz Kərimov, Gədəbəy Aşıq Məktəbinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Etibar Əliyev, əməkdar mədəniyyət işçisi, ustad aşıq İmamverdi Mustafayev, Gədəbəy ziyalılarının nümayəndəsi, Arısu kənd məktəbinin direktoru Rauf Əliyev, Gədəbəy Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzin əməkdaşları iştirak ediblər.

Konfransda Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına vermiş olduğu töhfələr, habelə Türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılmışdır. Konfrans iştirakçıları aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar etmişlər. Aşıq sənətinin Türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanmışdır. Sonda konfrans iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimova minnətdarlıqlarını bildirdilər.

Oxunub: 425

Əlavə olunub: 15.04.2021 14:56

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz