Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

XXI əsrin muzeylər dünyası: inkişaf vektorları

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq, müxtəlif profilli mədəniyyət müəssisələrinin əməkdaşları üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Bura müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, debatlar, tanınmış yerli və əcnəbi alimlərin mühazirələri, fərqli təyinatlı təqdimatlar və açıq diskussiyalar da daxildir.

Belə ki, mədəni konsaltinq layihəsi çərçivəsində 23 iyun 2020-ci il tarixində Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin və Metodiki iş şöbəsinin sektor müdiri Pakizə Almazovanın "XXI əsrin muzeylər dünyası: inkişaf vektorları” mövzusunda canlı mühazirə təşkil olunub. Zoom proqramı vasitəsi ilə keçirilmiş mühazirədə sahə əməkdaşları ilə yanaşı mədəniyyət könüllüləri də iştirak etmişdir.

Tədbirin moderatoru Mərkəzin Elmi katibi Cavid Əliyev karantin dövrünün bilik və bacarıqların artırılması üçün əlverişli şərait yaratdığını bildirmiş və daha sonra dinləyicilərə layihə haqqında məlumatlar, perspektiv planlar, habelə mühazirənin müzakirə predmeti haqqında məlumat vermişdir. Məruzə ilə ilk çıxış edən P.Almazova öz mühazirəsində Azərbaycanda muzey sahəsində aparılan islahatlar, ölkəmizdəki muzeylər dünyasının dinamik inkişafı, muzey memarlığında aparıcı tendensiyalar, muzey ekspozisiyası, muzey menecmenti və digər önəmli məsələlərə toxunmuşdur.

Daha sonra müxtəlif regionlardan olan mədəniyyət işçilərinin iştirakı ilə baş tutmuş açıq mühazirədə A.Usubəliyev çıxış etmişdir. Transformasiyaya uğramış mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir forma və inkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulara toxunmuşdur.

Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor muzeylərin rəqəmsallaşmasının vacibliyini vurğulamışdır. Muzeylərin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd etmiş, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Muzey fəaliyyətinin müasir və klassik modelləri haqqında məlumat verən A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək yanaşmalar haqqında öz fikirlərini iştirakçılarla bölüşmüşdür. Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılmışdır. Muzeylərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması ətrafında da fikir mübadiləsi aparılmışdır.

Mühazirədə həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova,  Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Gülyana Məmmədova və Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva iştirak ediblər.

Məruzəçilər və dinləyiclər kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirmiş, muzeylərin xüsusilə gənc və yeniyetmələr arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyindən də danışmışlar. Tədbirin sonunda iştirakçılara elektron sertifikatlar təqdim olunmuşdur.

 

Oxunub: 591

Əlavə olunub: 23.06.2020 08:52

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz