Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Siyasi dialoq və bizim partiyalarımız

Bir-birindən asılı və bilavasitə əlaqəli olan adı çəkilən hər iki məsələ ölkədaxili siyasi münasibətlər müstəvisində ən aktual və taleyüklü təzahürlərdəndir desək yanılmarıq. Məhz siyasi dialoqun mövcudluğu və ya onun məzmunu, habelə siyasi partiyaların nominallıq dərəcəsi ölkədə mövcud hakimiyyəti konkret xarakterizə edə biləcək prinsipial amillərdir. Dünyanın bir çox dövlətlərinin müasir siyasi təcrübəsinə müraciət etsək, aydın görə biləcəyik ki, “siyasi dialoq” əksər hallarda siyasi spekulyasiya və hakimiyyətlərə qarşı təzyiq aləti kimi istifadə olunmşdur. Dialoq demokratik münasibətlərin təzahür formalarından biri kimi bütün dövrlərdə siyasi demaqogiyanın əsas mövzusu olmuşdur. Siyasi dialoqa qarşı olan münasibətləri təhlil etsək təqribən növbəti əsas yanaşmalar ilə rastlaşa bilərik: onun əhəmiyyətinə varmayan qüvvələr, dialoqdan qaçan qüvvələr, dialoq əsasında hakimiyyəti quran qüvvələr, dialoqu sadəcə atributiv və konstitusion rəmz kimi qəbul edənlər, şəxsi siyasi fəaliyyətini dialoq üzərində manipulyasiyalar əsasında qurmuş qüvvələr və s. Sözsüz ki, biz nəzəriyyədə mövcud daha bir neçə yanaşmaları müəyyən edə bilərik. Lakin, düşünürəm ki, müxtəlif dövrlərdə Azərbaycanda yaşanan siyasi münasibətlər kontekstində yuxarıda qeyd olunanlar ilə məhdudlaşmaq olar.

Təbii olaraq, sual yarana bilər: “niyə müəllif siyasi partiyaları məhz siyasi dialoq kontekstində vurğulayır ?” Burada partiyaların əsas funksiyasını yada salmaq istərdim. Onların strateji təyinatlarından biri məhz konkret cəmiyyətin ayrılmaz parçası olan öz üzvlərinin maraqları uğrunda siyasi mübarizənin aparılmasından ibarətdir. Hər bir vətəndaş öz siyasi seçimini və prioritetlərini üzv olduğu partiya vasitəsi ilə nümayış etdirir və bununla da siyasi münasibətlərin fəal subyektinə çevrilir. Partiyalar müstəvisində aparılan siyasi dialoq isə sözün əsl mənasında demokratik münasibətlərin təcəssümüdür. Ən azından ona görə ki, partiya bir siyasi təsisat olaraq fərdlərin və topluların siyasi və ictimai münasibətlərində təmsilçilik prinsipinin yaşanmasına xidmət edən önəmli mexanizmdir.

Partiya öz ətrafında vahid ideya əsasında vətəndaşları toplayaraq, həmin ideyaların reallaşması uğrunda siyasi mübarizə aparır və elektoratın maraqlarına xidmət edir. Həmin mübarizənin əsas leqal yolu peşəkar siyasi dialoqun aparılmasından keçir. Məhz sağlam və konstruktiv dialoq vasitəsi ilə partiya öz ideyaları, kadr potensialı, sahələr üzrə fundamental işləmələri və konkret məsələlər ilə bağlı alternativ konseptual layihələrini cəmiyyətə təklif edə bilir. Əslində bununla da partiyalar öz gücünü, siyasi məsuliyyətini və adekvatlığını nümayış etdirmiş olur. Beləliklə də partiyalar üçün siyasi mübarizənin əsas leqal üsulu olan siyasi dialoqda fəal iştirak həmin partiyanın konstruktiv yanaşmasından, real potensialından, sağlam rəqabət aparmağa hazırlıq dərəcəsindən, peşəkar kadr ehtiyatından və demokratik prinsiplərə dəyər verməsindən xəbər verir. Dialoqdan müxtəlif səbəb və bəhanələr ucbatından qaçmaq faktı konkret partiyanın tam olaraq əks keyfiyyətlərə sahib olduğuna işarə edir.

Qanunun aliliyi və demokratik münasibətlərin hökm sürdüyü bir şəraitdə dialoqdan boyun qaçırmaq rəqabətdən qaçmaq deməkdir. Ancaq onu da anlamaq lazımdır ki, sənin dialoqda iştirak etməməyin ölkədə konkret dialoqun olmadığı anlamına gəlmir. Məhz burada ölkəmizdəki daxili siyasi münasibətlərə müraciət etmək istərdim. Ötən əsrin doxsanıncı illərində baş vermiş hadisələrə fəlsəfi qiymət versək deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi məhz sözügedən siyasi dialoqa qarşı Azərbaycan cəmiyyətində formalaşmış ehtiyacın nəticəsidir. Siyasi dialoqsuzluq mühiti dövlətimizi parçalanmaq ehtimalı ilə üz-üzə qoymuşdur. Etiraf edək ki, daha sonra və əslində bu günə qədər davam edən hakimiyyətin siyasi partiyalar müstəvisində dialoqun aparılması təşəbbüslərinin Azərbaycan ictimaiyyəti dəfələrlə şahidi olub. Cənab Prezident İlham Əliyevin dövlət quruculuğu ritorikasında mütəmadi olaraq vətəndaş həmrəyliyinə dair çağırışları məhz həmin dialoqun siyasi gündəmdə saxlanmasına xidmət edir.

“Bəs niyə “müxalifətin liderləri” təklif olunan konstruktiv dialoqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar ?” sualına cavab vermək üçün yuxarıda qeyd etdiyimiz nəzəri yanaşmalara müraciət etmək istərdim. Sözsüz ki, özünü müxalifət adlandıranların sırasında qeyri-peşəkar və sadəcə seçkiqabağı kampaniyalarda siyasi alver üçün partiya yaradanların sayı az deyil. Ədalət naminə qeyd etməliyəm ki, bu cür təcrübə dünyada geniş tətbiq olunan üsullardandır. Bu tip “siyasətçilər” üçün dialoqun qurulması hədəf deyil, onlar daha çox öz elektoratının satılması ilə məşğuldurlar. Məhz bu səbəbdən onları siyasi alverçı adlandırırlar. Beynəlxalq siyasi təcrübə göstərir ki, bəzən bu cür siyasi partiyaların rəhbərləri fərd olaraq müəyyən uğurlara nail olmasına baxmayaraq ictimaiyyət həmin partiyaların adını belə bilmir.

Cəmiyyətin etibar kreditini itirmiş, özü də tarixin sınaqlarında itmiş, ancaq daha böyük və əsassız ambisiyaya malik olan iddialı siyasətçilər isə dialoqu məhz siyasi demaqogiya aləti kimi istifadə edərək, əslində isə həmin dialoqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar. Konstruktiv dialoq tərəflərdən kadr potensialı, sahələr üzrə alternativ təkliflər paketi, sabit və etibarlı elektorat, qazanılmış nəticələr və müasir çağırışlara adekvat olan keyfiyyətlər tələb edir. Məhz bu meyarlara cavab verə bilmədiyi üçün ən asan üsul dialoqdan boyun qaçırmaq və ölkədə dialoqsuz mühitin yaratmasında hakimiyyəti günahlandırmaqdır. Yalnız emosional çağırışlar və protest elektorata arxalanan siyasət, davamlı ictimai simpatiyalara ümidli ola bilməz. Nəzərə alınmalıdır ki, protestli elektorat inkişaf səviyyəsindən asılı olmayaraq, bütün dövlətlərdə əhalinin cəmi 3-10 faizini təşkil edir. Onların hərəkətləri əsas etibarı ilə ölkəyə qarşı göstərilən xarici təzyiqlər üçün imkanların genişləndirilməsinə xidmət edir. Üzümü oxuculara tutaraq, demək istərdim ki, göstərilənlər siyasi münasibətlərin sadəcə bir istiqamətidir...  

 

Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

Oxunub: 616

Əlavə olunub: 16.06.2020 07:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz