Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində

Hər bir xalq öz dili ilə yaranır, ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük günahdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Heydər Əliyev

Xalqın özünəməxsusluğunu, varlığını təsdiq edən ana dili ümumxalq yaradıcılığının bəhrəsidir. Əgər bir xalq toplum halında yaşayırsa, onun dili üstqurum kimi canlı formada yaşayır və mənsub olduğu xalqı dünyada təmsil edir.

Azərbaycan dili bizim milli sərvətimizdir. Onun yad təsirlərə məruz qalmasına göz yummaq millətin mədəniyyətinin, nəticədə özünün tənəzzülünə səbəb ola bilər. Ölkənin bir təbii sərvəti tükənərsə, başqa təbii sərvətlərdən istifadə etmək olar. Ana dilimiz iflasa uğrayarsa onu bərpa etmək həlli çətin olan problemə çevrilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin hərtərəfli inkişafına qayğı və diqqəti onun milli siyasətinin başlıca qayəsi olmuşdur. Heydər Əliyev Azərbaycan dilinin tarixi inkişafına xüsusi diqqət yetirmiş, dilimizin öyrənilməsinin və hər bir azərbaycanlının öz dilinin, xalqının tarixini bilməsini vətəndaşlıq borcu hesab etmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə (1969-1982) ölkə sovet hakimiyyətinin əllinci ilini başa vurmaqda idi. Respublikanın bir sıra sahələrində o cümlədən sosial sahələrdə böhranlı vəziyyət yaranmışdı. Rəhbərliyə başladığı ilk dövrlərdən siyasi lider Azərbaycanın dövlətçilik ənənələrini zənginləşdirdi, bütün sahələrdə irəliləyişlər hiss olunmağa başladı.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumundakı çıxışında Heydər Əliyev deyirdi: “Bu vəzifəyə keçməklə mən üzərimə düşən məsuliyyəti dərk edirəm, qarşımda duran vəzifələrin mürəkkəbliyini və çətinliyini başa düşərək əmin etmək istəyirəm ki, bu böyük və yüksək etimadı doğrultmaq üçün əlimdən gələn imkanlarımdan istifadə edəcəyəm.” Bu sözlərin müəllifi ulu öndər Heydər Əliyevin böyüklüyü onda idi ki, o, xalqın taleyüklü məsələlərini vaxtında görür və həyata keçirməyin yollarını arayıb tapırdı.

1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasının 73- cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu” elan olundu. Düzdür o dövr SSRİ dövlətinin yeritdiyi siyasət nəticəsində Azərbaycan dili tam hüquqlu dövlət dili kimi bərqərar olmasa da, XX əsr, xüsusilə sovet dövrü Azərbaycan dilinin sürətli tərəqqisi və çiçəklənməsi dövrü olmuşdur. Məhz bu dövr mədəniyyətin, ədəbiyyatın inkişafında, anadilli ədəbiyyat nümunələrinin yaranmasında müstəsna əhəmiyyətə malik oldu. Azərbaycan dilinin ictimai fəaliyyət dairəsi, funksional imkanları genişləndi, yazı qaydaları cilalandı, ensklopediyalar nəşr edildi, dünya ədəbiyyatı və ictimai fikir korifeylərinin əsərləri Azərbaycan dilinə tərcümə edildi. Bütün bunlar isə ümummili lider Heydər Əliyevin dil uğrunda apardığı siyasət nəticəsində əldə edilmişdir.

Sovet dövlətinin zirəsində, Kremldə yüksək dövlət vəzifəsi tutduğu illərdə də (1982-1987) siyasi lider Azərbaycanın tərəqqisi və inkişafına diqqət və qayğısını daha da artırmışdır. Heydər Əliyev Moskvada işlədiyi dövrdə Azərbaycana işgüzar səfərlər etmiş, problemləri yerində öyrənərək, yüksək səviyyədə həllinə nail olmuş, sosial sahələrin inkişafına xüsusi diqqət yetirmiş, eyni zamanda Azərbaycan dilinin inkişafı məsələlərinə də ayrıca önəm vermişdir.

Azərbaycana ikinci rəhbərlik illərində (1993-2003) Heydər Əliyev ilk günlərdən dövlət həyatının bütün sahələrində fəal və düşünülmüş siyasət yeritməyə başladı. Dövrün tələblərinə görə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu, sosial sahələrin diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biri oldu. Azərbaycanda yeni konstitusiyanın hazırlanması, qəbul edilməsi, konstitusion qurluşun yradılması ikinci rəhbərlik dövründə qazanılmış böyük uğur idi.

Xatırlatmaq istərdim ki, 1991- ci il oktyabrın 18 də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdi və Azərbaycan dilinin artıq tam səllahiyyətli dövlət dili kimi işlədilməsi üçün əlverişli şərait yarandı. 1992-ci il dekabrın 22 də “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul edildi. Qanunda Azərbaycan dilinin qədim və tarixi adı bərpa edilərək, “türk dili” adlandırıldı. Lakin bu zaman Türkiyə türklərinin dili də “ türk dili” adlandığına görə ciddi dolaşıqlıq yarandı. İki dil eyni cür adlanırdı. 1937- ci ilə qədər azərbaycan türklərinin dili türk dili adlananda, Türkiyə türklərinin dili osmanlı dili, türkiyə türkcəsi adlanırdı. 1993 -cü il iyunun 15 də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçiləndən sonra rəsmi dildə türk dili yox azərbaycan dili ifadəsi işlədilməyə başladı. 1995-ci il noyabrın 12 də referendumda qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində də elan olundu ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Konstitusiyanın bu maddəsinin real şəkildə həyata keçirilməsi, dilimizin adının bütün dünya birliyi tərəfindən qəbul edilməsi və beynəlxalq sənədlərdə təsbit olunması istiqamətində ölkə prezidenti Heydər Əliyev yorulmaz mübarizə aprmışdır. Onun müxtəlif toplantılarda öz ana dilimizdə səlis və rəvan danışması, müxtəlif elmi və həyatın bütün sahələrinə aid olan fikirləri çox yüksək səviyyədə ifadə bacarığı ilə məntiqi şəkildə söyləməsi Azərbaycan dilinin dünya miqyasında işlənmə dairəsini genişləndirir, hörmətini yüksəldirdi. Çıxışlarının birində ulu öndər deyirdi: “ Biz indi müstəqil dövlət kimi öz ana dilimizlə- Azərbaycan dili ilə fəxr edirik. Ancaq əgər keçmişə nəzər salsaq görərik ki, bu gün zəngin, yüksək mədəni səviyyədə olan, çox geniş söz ehtiyatına malik olan ədəbi, mədəni dilimiz həmişə belə olmamışdır. Onu yaradanlar olub, elmi əsasını quranlar olub, inkişaf etdirənlər olub. Bu, müstəqil Azərbaycan xalqının ən böyük milli sərvətidir. Hər bir xalq öz dili ilə yaranır, ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.” “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir, ana dilini bilməmək, ana dilini qiymətləndirməmək xalq qarşısında böyük qəbahətdir, öz ana dilini bilməyən adamlar şikəst adamlardır deyən Heydər Əliyevin dövlətçilikdə ən böyük syasəti və qələbəsi xalqın ana dili olan Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxamsında gördüyü böyük işlərdir.

Heydər Əliyev 2 fevral 1996-cı il tarixində Müstəqil Azərbaycan Respublikası gənclərinin Respublika Sarayında keçirilən birinci forumundakı çıxışı ana dilinin bilməməyin hansl fəsadlara, ağırlaşmalara, müsibətlərə, fəlakətlərə səbəb ola biləcəyini başa düşməyənlərə cavabdır. “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli məktəblərdə azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini, Füzulini, Vaqifi, Sabiri, Cəlil Məmmədquluzadəni və digərlərini oxuya bilməyəcək. Əgər onları oxuya bilməsə, o, tariximizi, mədəniyyətimizi, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilmirsə, o, vətənpərvər olmayacaq, milli vətənpərvərlik hissləri, duyğuları olmayacaq.”

Heydər Əliyevin doğma ana dilimizə olan sevgisi o qədər böyük idi ki, nitqlərində, siyasi qəbildən olan görüşlərində həmişə bunu göstərməyə calışırdı. Ulu öndərin İran səfəri zamanı bu ölkənin ali dini lideri Xamneyi arasındakı məşhur dialoqunu xatırlamaq yerinə düşərdi. Qeyd etmək istərdim ki, bu məqamı o dövrdə xarici işlər naziri işləmiş Vilayət Quliyevin xatirələrindən eşitmişəm.

“Ali dini rəhbər Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşdü. Aralarında Azərbaycan dilində söhbət başlandı. Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xamneyidən soruşdu.

- Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xamneyinin doğulduğu kənd) nə var, nə yox?

- Sən Xamnəni də bilirsən? - deyə İranın ali dini rəhbəri təəccübləndi.

- Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox, Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundov da əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundovun adını eşitmisiniz?

- Eşitmişəm, - deyə Xamneyi həvəssiz cavab verdi.

Xamneyini başa düşmək mümkün idi. Yəqin ki, bütün həyatı boyu fanatizmə qarşı mübarizə aparan, fars rejimi haqqında bir-birindən kəskin ittihamlar irəli sürməkdən çəkinməyən məşhur “Kəmalüddövlə məktubları” traktatının müəllifi ilə həmyerli olmasından xüsusi qürur duymurdu.

Sonra İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsinin həlli, Ermənistanla aparılan danışıqlar haqqında bir neçə sual verdi. Prezident də öz növbəsində İranın həm Ermənistan, həm də Azərbaycanla qonşu olan dövlət kimi bu məsələyə münasibəti ilə maraqlandı. Təbii ki, ali dini rəhbər ümumi sözlərdən uzağa getmədi.

Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamneyi artıq İranın rəsmi dövlət dili sayılan farscaya keçmişdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan onun nitqinin rus dilinə, həm də çox naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq havası yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə “Podojdite!” - deyib söhbəti dayandırdı. Üzünü İranın ali dini rəhbərinə tutaraq soruşdu:

- Ağayi Xamneyi, bir az əvvəl biz sizinlə öz ana dilimizdə danışırdıq. Başa düşürəm ki, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma niyə tərcümənin ruscaya edildiyini başa düşmürəm.

- Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili rus dilidir?! - deyə Xamneyi sifətinə sadəlövh görkəm verərək təəccübünü bildirdi.

- Ay kişi, - Heydər Əliyev onun özünü bilməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi. - Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim Konstitusiyamızda yazılmışdı ki, dövlət dilimiz ana dilimizdir. Biz hətta Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf elətdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Müstəqillik qazanandan sonra isə hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycanın dövlət dilində aparıram.

Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən tərcüməçi gətirmədiklərindən, yaxud Azərbaycan Prezidentinin reaksiyasını düşünmədiklərindən vəziyyətdən necə çıxacaqlarını bilmirdilər.

- Yaxşı, bu dəfə bizim səfirimiz tərcümə eləyər. Amma Azərbaycan elə uzaq ölkə deyil ki, onun haqqında ən adi şeyləri də bilməyəsiniz, - deyə Heydər Əliyev yaranmış gərginliyi aradan qaldırdı. Çıxanda isə İran tərəfinin protokol baxımından səhf hərəkətinə bir daha işarə vuraraq Xamneiyə:

- Düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydalarından biri də Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, - dedi. İranın ali dini rəhbəri hədəfə dəyən bu sözlərə hec bir reaksiya verə bilmədi.

Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu ehtiva edən Konstitusiyanın 21-ci maddəsinin real həyatda tətbiqinə ölkə prezidenti daim qayğı göstərir və nəzarət edirdi. Yüksək tribunalardan Azərbaycan dilində səlis danışmağı, dilimizə hörmətlə yanaşmağı vəzifə sahiblərindən, məmurlardan tələb edirdi. Ulu öndərin bu tələbindən sonra ana dilini yaxşı bilməyən vəzifə sahibləri öz üzərlərində çalışaraq çıxışlarını Azərbaycan dilində etməyə başladılar. Bu gün Azərbaycanın hər bir vətəndaşının borcu doğma ana dilini mükəmməl bilməsi və onu yad ünsürlərdən qoruması və təbliğ etməsidir. Dövlət dilinin tətbiqi sahəsində yaranmış nöqsanları aradan qaldırmaq məqsədilə Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 10 avqust tarixində isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərman imzalamışdır. 2002-ci il sentyabrın 30 –da Azərbaycan Respublikasının Milli Məclisi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununu qəbul etdi. Heydər Əliyev həmin qanunu imzalamaqla Azərbaycan dilinə əbədilik dövlət statusu qazandırdı.

Ümummilli lider Heydər Əliyev ana dili məsələsinə çox böyük diqqətlə, soyuqqanlıqla, hissiyata qapılmadan yanaşır və tövsiyyə edirdi ki, dil məsələlərinə səthi yanaşmaq olmaz. Bizim mənəvi dəyərimiz olan dil daimi xarakter daşıyır, bəşəridir. Dövlətin formalaşmasında dilin rolu əvəzedilməzdir. Dil milləti tanıdır, onu inkişaf etdirir. Dövlət kimi dünya arenasında öz mövqeyini tanıdılmasında bir ölkəyə ən vacib olan amillərdən biri dildir. Ümummilli lider, siyasi xadim Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinin hər tərəfli inkişafı üçün coxlu sayda qərarlar, fərmanlar qəbul edilmişdir. Onun bütün sınaqlardan cıxmış siyası xətti bu gün də davam etdirilir. Müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. Lakin butün bunlara baxmayaraq hələdə Azərbaycan dilinin tətbiq edilməsində, işlədilməsində bir sıra nöqsanlar var. Dövrü mətbuatda, kargüzarlıqda, televiziya verlişlərində, reklam işlərində və sairə yerlərdə Azərbaycan ədəbi dilinin qaydaları hər addımda pozulur. İctimai məkanlarda dilimizin təhrif olunması halları getdikcə coxalır. Xüsusilə televiziya kanallarında aparıcıların və qonaqların xarici dildə olan sözlərdən istifadə etməsinə və əcnəbi dildə danışmasına tez-tez rast gəlinir. Ziyalı şəxs ictimai məkanlarda danışarkən, hər-hansı mövzuda mühazirələr söyləyərkən mövzusunun aktuallığını nəzərə almaqla yanaşı ilk növbədə dövlət dilindən istifadə etməli, dilimizin təmizliyinə də riayət etməlidir. Bu onun mənəvi həm də konstitusion borcudur. Əfsuslar olsun ki, bu gün insanlarımızın əksəriyyəti ana dilində danışmır, danışarkən isə əcnəbi sözlərin, lüzumsuz söz və ifadələrin işlədilməsində hec bir qəbahət görməyərək hətta bununla fəxr edirlər.

Çox dil bilmək baş ucalığıdır. Ana dilini mükəmməl bilmək isə hər bir vətəndaşın müqəddəs borcu və şərəf işidir. Və bir vətəndaş olaraq dilimizin saflığı keşiyində durmaq hər bir azərbaycanlı üçün milli qeyrət məsələsidir.

Hələ rus dilinin hegemon olduğu Sovetlər dövründən başlayaraq lider Heydər Əliyevin təmiz Azərbaycan dilində etdiyi məruzə və çıxışları, söhbətləri bu sahədə unudulmaz örnəkdir. Möhtərəm prezidentimiz İlham Əliyevin bir neçə dili sərbəst bildiyi halda, bir dəfə də olsun əcnəbi sözlərdən istifadə etmədən, beynəlxalq tədbirlərdə təmiz Azərbaycan dilində çıxış etməsi isə hər bir azərbaycanlı üçün nümunədir. Gəlin örnək olan insanlarımızdan öyrənək, dilimizi yad ünsürlərdən qoruyaq, yerli-yersiz əcnəbi kəlmələrdən istifadə etməyək. Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin qoruması, tətbiqi və inkişfı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Məhz buna görə də dilimizin qorunması ümummilli lider Heydər Əliyevin irəli sürdüyü inkişaf xətti ilə daima irəliyə getməlidir.
 
Nəzakət Rəhmanova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 793

Əlavə olunub: 23.06.2020 06:00

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz