Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Bədii təhsilin perspektivliyini müzakirə olunub

İyunun 19-da Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “Estetik tərbiyə: mədəniyyət siyasətinin strateji prioriteti kimi” adlı vebinar təşkil edilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, xalq və əməkdar artistlərin, əməkdar müəllimlərin, Bakı Şəhər C.Hacıyev adına 3 nömrəli və G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi məktəbinin və bir sıra digər müəssisələrin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə uşaq musiqi məktəblərinin fəaliyyəti geniş müzakirə olunub.

Bildirilib ki, musiqi təhsili estetik tərbiyənin ən mühüm hissəsidir. Respublikamızda fəaliyyət göstərən bədii təhsil müəssisələrində bədii zövqün inkişafı və musiqinin başa düşülməsi istiqamətində çox işlər görülür. İstisnasız olaraq, bütün uşaqların məqsədyönlü, ardıcıl musiqi tərbiyəsi təbii ki, musiqi dərslərində həyata keçirilə bilər.

Uşaq və gənclərə ümumi musiqi təhsili vermək, onları yüksək musiqi sənətinə cəlb etmək, xalq, klassik, xarici musiqilərin, habelə müasir bəstəkarların əsərləri vasitəsilə onlarda estetik zövq formalaşdırmaq, musiqi-estetik bilikləri təbliğ etmək, həmçinin böyüməkdə olan gənc nəslin mənəviyyatının dövrümüzün tələbləri ruhunda inkişaf etməsinə kömək göstərmək musiqi-estetik tərbiyə işinin əsas istiqamətlərindəndir.

Təbii olaraq, estetik tərbiyə bəstəkarların əsərlərində də özünü büruzə verir. Məhz bu mövzu ilə bağlı tədbirin moderatoru mərkəzin Bədii təhsil şöbəsinin müdiri Sevil Ələkbərova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal kafedrasının professoru, Xalq artisti Natəvan Şeyxova, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, Əməkdar müəllimlər, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Məhin Orucova, Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Yusif Vəliyev, Bakı şəhər 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Nadir Babayev, Bakı şəhər 21 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru, professor Mamed Quliyev, Bakı şəhər A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov, Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Tofiq Salmanov estetik tərbiyə ilə əlaqədar geniş şəkildə fikirlərini vebinar iştirakçıları ilə bölüşmüşdür.

Müzakirələrin sonunda səsləndirilmiş fikirlərə dair öz münasibətini bildirən mərkəzin direktoru Asif Usubəliyev musiqi məktəblərinin idarə olunması, onların sosial imici, ümumtəhsil məktəbləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması zərurəti və illər ərzində qazanılmış təcrübənin qorunması yolları haqqında ətraflı şəkildə danışıb. A.Usubəliyev baş verən dəyişikliklər müstəvisində dəyişən reallıqlar, habelə virtual həqiqətin formalaşması fonunda musiqi məktəblərinin fəaliyyəti ilə əlaqədar olaraq Yol xəritəsinin hazırlanmasını xüsusi olaraq vurğulayıb

Oxunub: 612

Əlavə olunub: 19.06.2020 15:23

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz