Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan xalçaçılıq məktəbi

Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür. Bir gün rəsulumuz Məhəmməd Peyğəmbərdən (səlləlahu əleyhi və alihi vəsəlləm) soruşurlar  ki, dünyada ən ürəkaçan şey nədir? O, belə cavablandırmışdır ki, ilk övladın yumşaq xalça üzərində gəzməsidir. Çox qəribədir ki, insan həyata ayaq açdığı ilk gündən belə yumşaq xalça üzərində hərəkət edir, dünyadan köçəndə də məhz xalça ilə yola salınır. Azərbaycana qonaq gələn şəxsə təqdim olunan gözəl əşya xalçadır. Azərbaycandan qonaq gedərkən xarici dövlətlərə aparılıb ən dəyərli hədiyyə olaraq təqdim olunan da yenə də xalçadır. Belə bir fərqli milli sərvəti olan  Azərbaycan xalqı öz  xalçaçılıq sənətini daima inkişaf etdirir və dünyada lazımi səviyyədə təqdim edir. Təsadüfü deyil ki, "Azərbaycanın xalçası" sənəti 15-18 noyabr 2010 cu il tarixində Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Xalçamıza verilmiş  belə bir qiymət hər bir Azərbaycan vətəndaşının qürur hissidir.  

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir. Belə bir günün dəyərləndirilməsi bütün xalçaçı rəssamlara, xalça toxuyanlara, milli sərvətimizi muzeylərdə toplayıb, qoruyub, nəsildən-nəslə ötürən insanlara bütövlükdə xalça sənətini dəyərləndirən Azərbaycan xalqınına cox gözəl bir ərmağandır. 

Xalça sənətinin dəyərini özündə əks etdirən bir rəvayət haqqında sizlərə danışmaq istəyirəm. Bu rəvayəti bəlkədə coxlarımız bilirik. Qədim zamanlarda şah oğlu bir gözəl qıza elçi düşür. Ağıllı qız şah oğlundan hansı peşənin sahibi olduğunu soruşur. Şah oğlu cavabında söyləyir ki, atasının bütün var-dövləti həm də onundur. Onun heç bir sənətə ehtiyacı yoxdur. Qız razı olmur. Onun bir sənətin sahibi olmasını istəyir. Naəlac qalan oğlan xalça sənətini öyrənir. İllər  keçir bir dəfə şah oğlu yadellilər tərəfindən tutulub zindana salınır. Zindanda olarkən oğlan düşmənlərə bildirir ki, o xalçaçıdır və burada qalaraq xalça toxuyub onlara daha çox xeyir verə bilər. Onun toxuduğu xalçaları müxtəlif vilayətlərdə satmağa başlayırlar və beləliklə xalçalardan biri şahın sarayına gəlib çıxır və əzizləri onun yerini xalçada toxunmuş ilmələrdən bilib  onu azad edirlər. Cox maraqlı və ibrətamiz hadisədir. Deməli xalçaçılıq şahlıqdan da ucada duran bir sənət olubdur. 

Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılıq milli mədəniyyət tariximizdə özüməməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya sayılmır. Biz onu sənət əsəri, istilik, gözəllik, hədiyyə vasitəsi sayırıq. Xalçaçılıq həm də Azərbaycanın az qala rəmzinə çevrilmiş bir sənətidir. Bu sənətlə məşğul olma həm qədimdə həm də indi  insanlara gəlir gətirib. Xalçalarımıza verdiyimiz qiymətdən danışarkən yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri yada düşür. Həmin əsərdə Sona xalanın dili ilə deyilən “İtə ataram, yada satmaram” məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.  

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Belə düşünürlər ki, xalça ilə tarix sanki qoşa yaranmışdır. Qədim maldar tayfalar oturaq həyat tərzinə keçəndən sonra tarix ilmə-ilmə xalçalarda əks olunmağa başladı. Bu baxımdan xalçalardakı naxışlar tarixin ən qədim zamanlarını özündə yaşadan təsviri sənət nümunələri oldular. Xalçanın özü, üzərindəki naxışları ilə nəsillərdən-nəsillərə məna yüklərini ötürən sirli "muzey”dir.  Dünyanın məşhur xalçaşünasları Azərbaycan xalçasını bəşəriyyət üçün gərəkli məlumatlar daşıyan kitabə adlandırmışlar. Onların fikrincə, xalçalarımızın üzərindəki qeyri-adi işarələr həm də kosmosla bağldır. 

“Bonhams” hərracının xalça departamentinin rəhbəri, məhşur xalça eksperti Mark Dansın Azərbaycan xalçaları haqqında cox maraqlı bir fikri var. “Hər bir Azərbaycan xalçası nadir incəsənət nümunəsidir. Sanki xalçaların üzərindəki simvollar, elementlər sənə öz hekayələrini söyləyirlər.”  Mark Dansın sözünə qüvvət olaraq, bir türk dastanındakı maraqlı bir hekayəni də sizlərə  xatırlatmaq yerinə düşərdi. “Bir gün sultan bazarı gəzə-gəzə xalı, kilim satılan dükana yetişir. Gözünə bir xalça dəyir.  Satıcıdan xalçanın kimin toxuduğunu və toxuyanın harada yaşadığını soruşur. Dükan sahibi  xalçanı gənc bir qızın toxuduğunu bildirir. Sultanı onun evinə apara biləcəyini söyləyir. Onlar gəlib cıxırlar həmin evə. Sultan xalçanı toxuyan qızın valideyinlərindən soruşur. Niyə qızınızı sevdiyindən ayırmısınız? Necə qıymısınız ona? Valideyinlər cox təəccüblə sultandan soruşurlar. Bu, ailə sirri idi, onu sizə kim söylədi? Axı bizdən və qızımızdan başqa hec kimsə bu haqqda bilmir. Sultan deyir: Qızınız toxuyan xalçadan öyrəndim. Bu xalçanın hər ilməsi, hər naxışı, ayrı düşən sevginin nisgilini söyləyir, fəryad edir.  

Həqiqətən, xalça onu toxuyanın min bir arzusunu, əzabını özündə cəm edir, əsrlərlə özündə saxladığı gizli mətləbləri tarixin o tayından bizə çatdırır. Xalçalarda  nəsillərin bir-birinə ötürdüyü kodlaşmış ornamentlər, xalqın təfəkkürü və itmiş tarix gizlənir. Bu mənada zəngin ənənələrə malik Azərbaycan xalça sənətində ornametli xalçaların xüsusi yeri var. Ornament ritmik elemetlərdən ibarət naxışdır və bu naxışların dilini açmaq, kodunu tapmaq və oxumaq müasir elmimizin mühüm şərtlərindəndir. 

Hardasa, hansı mənbədəsə göstərilib ki, xalça sözünün mənası xallı yer, xallı çəmən deməkdir. Eyni zamanda şifahi xalq ədəbiyyatında, türk etnoqrafik mənbəyində xalı sözünün mənası “qalan” deməkdir. Bu sənətdə o qədər sirlər var ki, onlar açılsa, hər bir adam xalçanı evinin ən qiymətli sərvəti sayar. Ancaq qeyd etməliyəm ki, xalçalr doğrudan da dövlətin ən qiymətli sənət nümunələridir.  

Qədim oğuzların həyat tərzində xalçaçılıq əsas sənətlərdən olub. Müqəddəs kitabımız olan “Qurani-Kərim in ”Əl-Rəhman” surəsində belə bir ayə var. “Onlar yaşıl başlılara, inçə ilməli, gözəl naxışlı xovlu xalılara  söykənmiş olacaqlar..”  deməli xalça sənəti eyni zamanda həm də  göylərdən gələn bir sənətdir. 

Azərbaycan xalçaçılıq tarixinin mühüm bir mərhələsi də xanlıqlar dövrünə düşür. XVIII əsrin yarısında Azərbaycanın şimalı kişik feodal - Bakı, Şəki,  Quba, Qarabağ, İrəvan, Gəncə, Naxçıvan, Şirvan, Təbriz və s. xanlıqlara bölünməyə başladı. Özündə təkrarsız ilmələr, sirli naxışlar, qədim ornametlər əks etdirən azərbaycan xalçaları qüdrətli bir sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq yeddi xalçaçılıq məktəbinə bölünür. Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbi.Azərbaycan xalçaçılıq sənətinin inkişaf etməsində məhşur xalçaçı rəssam Lətif Kərimovun ömür kitabına nəzər saldıqda aydın olur ki, onun xalçaçılıq sənətinə yiyələnməsində Təbriz xalçaçılıq məktəbi böyük rol oynamışdır. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məhşur xalçaçılıq məktəbidir. Təbriz məktəbi İranın şimal-qərbində yerləşən Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəçə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Çörəvan, Qaradağ və başqa xalça məktəblərini əhatə edir.  XVI əsrdə özünün ən yüksək çiçəklənmə dövrünü yaşamış Təbriz klassik minatür məktəbi Təbriz xalça sənətinə və bütün Şərq xalça sənətinin inkişafına böyük təsir göstərmişdir. Məhz ona görə  də bu dövr Təbriz xalça sənətinin və ümumiyyətlə, Şərq xalça sənətinin “qızıl dövrü” adladırılır. 

 Azərbaycan xalçaçılıq məktəbinin inkişafında böyük rolu olan Lətif Kərimovun uşaqlıq illəri Məşhədin ən maraqlı bucağı sənətkarlar məhəlləsində keçir. “Rəhimiyyə” mədrəsəsində təhsil alır. Təhsili səviyyəsi kifayət qədər yüksək olur. On dörd yaşlı Lətif məktəbi əlaçı kimi başa vurur, ancaq ailə vəziyyətinə görə o, xalça karxanasında işə düzəlir. İş prosesində Lətifdə kifayət qədər xalça toxumaq təcrübəsi yaranır. Hələ yeniyetmə yaşlarında  anası və qonşuları üçün xalça eskizləri çəkirdi. Lətif Kərimov 1922-ci ildə Mirzə Hüseyn Ələkbərzadənin xalça karxanasında işə düzəlir. Burada o, xalçaçılığın sirlərinə dahada bələd olur və ilk işlərini də burada yaradır. Sonralar Lətif Kərimov İranın məhşur xalçaçı rəssamı Hüseyn Tahirzadə Təbrizidən (Hüseyn Behzad) dərs alır və ömrünün sonuna kimi onu özünə müəllim sayır. Hüseyn Behzaddan Lətif Kərimova bir nəciblik, eleqantlıq, öz zahiri görkəminə xüsusi diqqət göstərmək qabiliyyəti də keçmişdir. 

Behzadda daha cox nəqqaş vergisi var idi. Ona görə də bu cəhətdən şagirdinin bəxti gətirmişdi. Bundan başqa Hüsyn Behzadın əsli Təbrizdən idi. Bu isə həm rəssamın, həm də şagirdinin həyatında böyük rol oynamışdır. Behzad Təbrizi ürəyinin başında gəzdirirdi. Şərq aləmində Təbrizdə rəssamlığı öyrənmək, avropalı üçün Milanda vokal sənətini öyrənməyə bərabər idi. Bax bu baxımdan Lətif Kərimovun bəxti gətirmişdir. 

Lətif Kərimovun ömrü də həyatının sonuna kimi məhəbbətlə və hörmətlə yad etdiyi məhşur müəlliminin tərcümeyi-halına bənzəyir. Təbriz mədəniyyəti  təbii ki, rəssam Lətif Kərimovun istedadını cilalamış və formalaşdırmışdır. Lakin rəssam da İran mədəniyyətinə borclu qalmamışdır. Lətif Kərimovun  İran xalçaçılığının inkişafında əsaslı payı vardır. 1928-ci ildə Tehranda on ədəd unikal xalça yaradılmışdı. Bu xalçaların düyünləri o qədər sıx idi ki, heç kim saya bilmirdi. Lətif Kərimova müraciət edirlər və rəssam tapşırığı yerinə yetirərkən millimetrli kağız üzərində rəsm miqyasının ölçülməsi üzrə yeni sistem yaradır. Bu sistem ən xırda naxışları, ən mürəkkəb nəbati ornamentləri belə dəqiq xalça üzərinə köçürməyə imkan yaradırdı. 1926-cı ildə Rza şahın sarayına sifarış verilən gözəl xalçalar üçün müsabiqə elan edilir. Müsabiqədə İranın və Cənubi Azərbaycanın ən yaxşı xalçaçı rəssamları iştirak edirdilər. Lakin münsiflər heyəti yalnız Lətif Kərimovun işçi rəsmlərini və xalça eskizlərini bəyənir. Hər üç xalça eskizi “Şeyxi Səfi” kompazisiyası əsasında yaradılmışdı. Birincisi qırmızı, ikincisi göy, üçüncüsü isə qızılıya oxşar fonda. Həmin xalçalar Lətif Kərimovun rəhbərliyi altında Məşhəd şəhərində, Məhəmmədxan və Əlixan qardaşlarının karxanasında toxunmuşdur. Hər üç xalçanın fonu olduqca gözəl, fərqli çalarlarda işlənmişdir.  

Bir müddət İranda yaşaddıqdan sonra Lətif Kərimov hakimiyyət orqanlarının şübhələri ucbatından oranı tərk etməli olur. Bir neçə eskizdən başqa özü ilə heç nə götürə bilməyən Lətif Kərimov doğma vətəninə qayıdır. Tehran Universitetinin yuxarı kursundakı təhsilini də yarımçıq qoymağa məcbur olur. Lətif Kərimovun vətənə qayıdışı Azərbaycan  xalçaçılığında mühüm çevrilişin əsasını qoydu və Azərbaycanda bu qədim sənət növü hər tərəfli inkişaf etməyə başladı. Tarixin sərt dönəmində Lətif Kərimov Azərbaycan xalçasının ənənələrini qoruyub saxlaya bilmiş, ölkəmizin daima dəyişən həyatında onu qiymətlənirmiş, fəxri kürsüyə qaldırmışdır. Azərbaycan xalçasının dünya şöhrətini özünə qaytarmışdır.  

Lətif Kərimov böyük şəxsiyyət, şan şöhrətli bir ustad idi. Yaşayıb yaratdığı dövrdə müəlifi olduğu xalçaların sayı yüzlərlədir. Bəlkə, mindən də coxdur. 

Lətif Kərimov Azərbaycanın incəsənət tarixinə yalnız görkəmli xalça ustası, istedadlı rəssam  kimi deyil, xalça sənətini əsl incəsənətin xüsusi bir sahəsi kimi elmi cəhətdən, hərtərəfli araşdıran böyük nəzəriyyəçi, tədqiqatçı kimi də daxil olmuşdur. Onun “Azərbaycan xalçası” adlı fundamental tədqiqat əsərinin çapdan cixan üç cildi yalnız xalçaçılıq tarixində deyil, bütövlükdə mədəniyyət tarixində yeni bi səhifə oldu. 

“Sizin Azərbaycan xalçaları haqqında gözəl kitabınız mənim iş masamın bəzəyinə çevrilmişdir...” (Erix Avater, şərq xalçaları üzrə baş mütəxəssis, Essen şəhəri, Almaniya) 

“ Haqqınızada çox şeylər eşitmişəm. Başa düşürəm ki, sizin Qafqaz xalçaları haqqında əsəriniz indiyədək bu barədə yazılanların ən mükəmməlidir.. ”(Doktor Hubley Pirot, ABŞ, Pensilvaniya ştatı) 

“Mən Avropada şərq xalçaları üzrə ekspert sayılan çox az mütəxəssislərdən biriyəm. Mənim Cənubi Qafqaz xalşaları haqqında bildiklərim, xarici həmkarlarımın bildiklərindən qat-qat artıqdır. Lakin sizin kitabınızla tanış olduqdan sonra əmin oldum ki, biz, Avropa alimləri, çox şeyləri sizin kitabınızdan və şəxsən sizin özünüzdən öyrənə bilərik... Sizə eşq olsun, cənab Kərimov! (Ekspert Georq Saakyan, Belçika). Bütün bu tərifli sözlər Lətif Kərimov haqqında deyilənlərin hələ bir hissəsidir. Dünya onun sənətinə səcdə edirdi. 

Məlum olduğu kimi, Lətif Kərimov  həm də poliqlot olmuşdur. Fars dilini bilmsəsi müəllifə xalça sənəti tarixinə dərindən baş vurması üçün şərait yaratmışdır. Usta həm də şərqin müdrik poeziyasını da gözəl bilirdi və bu ona ornamental kompozisiyaların mahiyyətini, xarakterik əlamətlərini açmağa kömək edirdi. O, yaradıcılığında “islimi”, “xətayi” kimi zəngin kompazisiyalardan istifadə etmişdir.  Lətif Kərimov şərqdə naxışın niyə belə geniş yayılmasına dair bir rəvayət danışardı. “Bir dəfə İmam Əli rəssamları yanına çağırıb onlara demişdi: Rəsmdə canlıları təsvir etmək Allahla yarışa girməyə bərabərdir. O. Dalğalı xətlər çəkib, onları əyilmiş budaqlarla bəzədi və bu naxış formasının adı islimi qoyuldu”. Lətif Kərimov eyni zamanda bütün şərq minatürlərində rast gəlinən yüngül barokko formalı buludları da təsvir edir. O eyni zamanda buta naxış elementinin də də müxtəlif formalarını sevə-sevə təsvirlərdə verirdi. 

Şərq ölkələrinin və o cümlədən Azərbaycanın bütün xalçaları dəqiq, müəyyən adlara malikdirlər. Bu adlarda ya tayfanın adı, ya da kəndin adı öz əksini tapır. Bir çox hallarda xalçalar naxışların kompozisiyaları ilə adlanırlar. Bütün bu incəlikləri Lətif Kərimov cox gözəl bilirdi. Çünki o əsl  xalçaşünas idi. Xalçaşünas o insana demək olar ki, xalça işinin texnoloji xüsusiyyətlərinə dərindən bələd olsun, xalçanın rəng çalarlarını duysun, ilk baxışdan xalçanın ornamental strukturunu və kompazisiyasını başa düşə bilsin, element və detalların mənşəyini, naxışların orjinal və surət olduğunu, onların xalq sənətkarları, peşəkar, təcrübəli rəssamlar, yaxud təcrübəsiz, naşı adamlar tərəfindən yerinə yetirildiyini təyin edə bilsin. Xalçaşünas  qədim xalçaların yaranma tarixini, yerini, xalçanın yarandığı dövrü, xalçanı yaradan xalqın yaşadığı coğrafi şəraiti və etnoqrafik xüsusuyyətləri də bilməlidir. Bu keyfiyyətlərin hamısı ən yüksək səviyyədə Lətif Kərimovda var idi və ustalıqla bildiklərini öz şagirdləri ilə bölüşürdü. 

Göründüyü kimi, dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçasının ənənələrini qorumaq və təbliğ etmək  xalaçaşünas Lətif Kərimovun müqəddəs işi olmuşdur.  Xalçaçı günündə bütün xalçaçı rəssamlarımızı, xalça toxuyanlarımızı, xalçanı sevib qoruyub nəsildən-nəslə ötürənlərimizin peşə bayramı mübarək olsun. Ustad Lətif Kərimovun da ruhu şad olsun ki, bu sənətin sirrlərini  dərindən öyrənib gələcək nəsillərə ötürməyi bacardı.

                                                                     Nəzakət Rəhmanova Sabir qızı 

                                                                     Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi                     

                                                                     Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma            

                                                                     Mərkəzi  Təlim-tədris şöbəsinin müdiri 

 

Oxunub: 1173

Əlavə olunub: 05.05.2020 05:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz